Avropa ölkələri ABŞ, Çin və Rusiya ilə rəqabətdə kosmosda öz suverenliyini təmin etmək üçün təcili olaraq aşağı Yer orbitində Starlink peyklərinə bənzər öz hərbi peyklərindən ibarət sistem yaratmağa başlamalıdır.
Bu barədə NATO-nun Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı admiral Pyer Vandye “Politico” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, kosmosda səylər olmadan Avropanın suverenliyi mümkün deyil: “Bu gün böyük bir oyanış lazımdır. Avropalılar təcili hərəkətə keçməlidirlər. Ukraynadakı münaqişə kəşfiyyat məlumatlarının toplanmasında və döyüş meydanında fasiləsiz rabitənin təmin edilməsində peyklərin əsas rolunu nümayiş etdirib və həmçinin Amerika şirkətlərindən, xüsusilə SpaceX-dən ağrılı asılılığı üzə çıxarıb. Avropanın oxşar IRIS sistemi isə 2030-cu ilə qədər fəaliyyət göstərməyəcək”.
Vandye qeyd edib ki, kosmosun sürətli hərbiləşdirilməsi öz qanunauyğunluğu üzrə baş verir. Belə ki, hərbçilər əsasən kommersiya peyklərinə arxalanır, ona görə də müasir peyklərin əksəriyyəti ikili istifadəlidir.
O vurğulayıb ki, dayanıqlığı təmin etmək üçün ölkələr artıq geostasionar orbitdəki böyük peyklərə arxalana bilməz, həm də indi aşağı Yer orbitində ehtiyat bürclərə ehtiyac duyurlar.
Vande bildirib ki, aşağı orbitli peyklər daha ucuzdur: "Bir geostasionar peyk üçün 300-400 milyon dollarla müqayisədə hər biri 100 000 dollardan 150 000 dollara qədər. Bundan əlavə, onlar daha tez-tez və daha aşağı qiymətə işlədilə bilər. Bu gün avropalılar bazarın mərkəzindən çox uzaqdadırlar. Bu, çox narahatedicidir, çünki söhbət Avropanın suverenliyinə gəldikdə, əksər hallarda bizə lazım olan xidmətləri təmin edən Amerikadır. Bu ölkə hərbi və ya kommersiya baxımından bizə lazım olan xidmətləri təklif edir".
Mənbə: report.az