Heyvanların ölkəyə gətirilməsi zamanı daşınması qaydası dəyişir. AQTA-nın məlumatına görə, 2027-ci il yanvarın 1-dən idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınacaq. Həmin tarixədək keçid dövrü tətbiq olunur. Bu müddətdə heyvanların uyğunlaşdırılmış maşınlarda bir mərtəbədə daşınmasına icazə verilir. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib.
Xezerxeber.az-a istinadən məlumata görə, yeni tələb ilk növbədə ölkəyə heyvan idxal edən sahibkarlara və daşıyıcılara aiddir. Qaydanın tətbiqi ilə daşınma prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Amma iqtisadçılar hesab edirlər ki, bu dəyişiklik bazarda əlavə xərc yarada bilər. Çünki ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin alınması, icarəsi, saxlanması və təmizlənməsi sahibkar üçün maya dəyərinə təsir edən amillərdən biridir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, məsələ təkcə daşıma qaydasının dəyişməsi ilə məhdudlaşmır. Son illərdə ölkədə mal-qara sayının azalması yerli bazarda idxala tələbatı artırıb. İdxaldan asılılıq çoxaldıqca isə logistika, daşınma və digər əlavə xərclərin qiymətlərə təsiri daha çox hiss oluna bilər.
Yerli istehsalın artırılması qiymətlərin sabitliyi baxımından əsas şərtlərdən biridir. Əgər bazarda yerli məhsul bolluğu yaranarsa, idxaldan asılılıq azalar və daşınma xərclərinin qiymətlərə təsiri də zəifləyə bilər.
Mənbə: azxeber.com