Əmlak bazarında aktivlik: 207 mindən çox hüquq rəsmiləşdirildi

Əmlak bazarında aktivlik: 207 mindən çox hüquq rəsmiləşdirildi

2026-cı ilin ilk yeddi ayında Azərbaycanda daşınmaz əmlakla bağlı 207 mindən çox mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

“Yeni Sabah” İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, yanvar-iyul aylarında ümumilikdə 207 035 mülkiyyət hüququ rəsmiləşdirilərək sahiblərinə çıxarış verilib. Onlardan 39 556-sı və ya 19 faizi ilkin, 167 479-u, yəni 81 faizi isə təkrar qeydiyyat olub.

Qeydiyyata alınan əmlaklar arasında ən böyük pay torpaq sahələrinə və mənzillərə düşüb. Hesabat dövründə 101 351 torpaq sahəsi, 52 822 mənzil və 44 830 fərdi yaşayış və bağ evi üzrə mülkiyyət hüququ rəsmiləşdirilib.

Bundan başqa, 1 918 qeyri-yaşayış binası, 5 684 qeyri-yaşayış sahəsi, 366 əmlak kompleksi və 64 çoxmərtəbəli yaşayış binası üzrə də dövlət qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçirilən hüquqların 60 360-ı Bakı şəhərinin payına düşüb. Digər əmlaklar isə ölkənin regionlarında yerləşib.

Yanvar-iyul aylarında daşınmaz əmlak obyektləri üzrə 145 778 texniki pasport hazırlanıb. Eyni zamanda, 36 779 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb.

Mütəxəssislərin yanaşmasına görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyətin hüquqi baxımdan rəsmiləşdirilməsi ilə yanaşı, əmlak alqı-satqısı və digər əməliyyatların təhlükəsizliyinin təmin olunmasına da imkan yaradır.


Mənbə: yenisabah.az