Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 21 ilin antirekordu

Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 21 ilin antirekordu

Almaniyanın avtomobil sənayesində iş yerlərinin kəskin azalması davam edir. 2026-cı ilin ilk yarısının sonunda sektorda çalışanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 min nəfər, yəni 5,8 faiz azalıb.

Nəticədə Almaniyanın avtomobil sənayesində çalışanların sayı 691,5 min nəfərə düşüb. Bu, son 21 ilin ən aşağı göstəricisidir.

Ölkənin digər sənaye sahələrində də geriləmə qeydə alınıb. Maşınqayırmada işçilərin sayı 2,7 faiz, metallurgiyada 3,8 faiz, kimya sənayesində 3,6 faiz, elektrik avadanlıqları istehsalında isə 3,4 faiz azalıb. Ümumilikdə Almaniya sənayesi bir il ərzində 144 min iş yerini itirib.

Sənayeyə təzyiqi artıran əsas amillərdən biri xarici bazarlardakı vəziyyətdir. ABŞ-ın tətbiq etdiyi yüksək idxal rüsumları Almaniya məhsullarına tələbi azaldır. Çin isə əvvəllər Almaniyadan aldığı avtomobil və sənaye avadanlıqlarını özü istehsal etməyə başlayır.

Qeyd edək ki, 2026-cı ilin ilk altı ayında Almaniyanın Çinə ixracı 12 faizdən çox azalaraq təxminən 37 milyard avro, ABŞ-la ticarət isə 6 faiz azalaraq 74 milyard avrodan bir qədər çox olub.

Müəllif: Adəm

Mənbə: publika.az