Qəribə qərar: Quraqlıq zamanı su pulu artacaq

Qəribə qərar: Quraqlıq zamanı su pulu artacaq

Böyük Britaniyada su şirkətlərinə quraqlıq və tələbatın yüksək olduğu dövrlərdə istehlakçılardan daha yüksək ödəniş tələb etməyə icazə verilə bilər.

Ölkənin su sektorunu tənzimləyən “Ofwat” qurumunun nəzərdən keçirdiyi plana əsasən, su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur. Məqsəd su istehlakını azaltmaq və mövcud ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir.

Təkliflər təsdiqlənərsə, su şirkətləri ilin müxtəlif dövrlərinə uyğun dəyişən tariflər tətbiq edə, həmçinin müəyyən edilmiş istehlak həddini aşan ev təsərrüfatlarından daha yüksək ödəniş tələb edə biləcəklər. Yeni tarif sistemlərinin əksəriyyətinin tətbiqi üçün evlərdə “ağıllı” su sayğaclarının quraşdırılması tələb olunacaq.

Planların təfərrüatları ölkənin dörddə üçünün quraqlıq vəziyyətində olduğu bir vaxtda açıqlanıb. Hazırda 27 milyon insanın yaşadığı ərazilərdə bağ şlanqlarından istifadəyə məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Böyük Britaniyanın bir sıra bölgələrində meşə və otlaq ərazilərdə yanğınlar baş verir. Təkliflər yaxın həftələrdə “Ofwat” tərəfindən yekun şəkildə təsdiqlənərsə, yeni qaydaların gələn ilin aprelindən qüvvəyə minməsi nəzərdə tutulur.

Mənbə: publika.az