2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 476 310 nəfər aylıq sosial müavinət alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artım deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, yaşa görə aylıq sosial müavinət alanların sayı 176 398 nəfər təşkil edib. Bu göstərici illik müqayisədə 6,2 faiz artıb.
Əlilliyə görə müavinət alanların sayı isə 223 862 nəfər olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz yüksəlib.
Bildirilib ki, iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Pensiyaçıların sayı ölkə əhalisinin 10,7 faizini təşkil edib.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb. Bu məbləğ orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.
Həmçinin 2026-cı ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 15,9 min ailəyə 16,4 min uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib.
Eyni dövrdə radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,5 min nəfərə isə birdəfəlik müavinətlər ödənilib.
İyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği 97,9 manat təşkil edib.
Bundan başqa, müxtəlif kateqoriyalardan olan 405,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Aytac Əliyeva
Mənbə: yenisabah.az