"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasında işgüzar səfəri davam edir. Son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızstan ilə strateji tərəfdaşlığı daha da dərinləşməkdədir. Bu özünü iqtisadi əlaqələrdə də göstərməkdədir".
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, əvvəlki ilə nisbətən 2025-ci ildə Azərbaycan ilə Qırğızstan arasındakı ticarət dövriyyəsi 93 faiz artaraq 77 milyon dollara çatıb:
"Ölkələr 236 məhsul növü üzrə ticarət əlaqələri həyata keçiriblər. Ticarət dövriyyəsində Qırğızıstan 30 milyon dollarlıq müsbət saldoya malikdir. Qardaş dövlət ilə idxal və ixracda iki məhsul dominant hesab olunur. Qırğızstandan idxalımızın 83 faizini qızıl məmulatları, ixracımızın isə tam yarısını nəqliyyat vasitələri təşkil edir. Ötən il Azərbaycan Qırğızstandan 44.7 milyon dollarlıq qızıl alıb. “710813” məhsul kodu üzrə rəsmilləşən bu idxal UNSD təsnifatına əsasən "Qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl” kimi qruplaşdırılır. 2025-ci ildə Azərbaycan isə qardaş ölkəyə 12 milyon dollar dəyərində minik avtomobilləri, mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, yalnız qığılcımdan alışan, porşenli edən daxili yanma mühərrikli nəqliyyat vasitələr ixrac edib.
Digər idxal məhsullarına gəldikdə isə qabığı təmizlənmiş yunan qozu (3.1 milyon dollar), günəbaxan toxumu (1.9 milyon dollar) və qurudulmuş mərci (1.2 milyon dollar) daha çox paya malikdir. İrxacatımızda isə sürtkü yağları (3.6 milyon dollar), metalın emalı üçün emal mərkəzləri, üfüqi aqreqat dəzgahlar (1.3 milyon dollar) nisbətən xüsusi çəkiyə sahibdirlər. İki ölkə arasındakı ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədər yüksəkdir. Xüsusən ticarətin dayanıqlığı baxımından məhsul növləri üzrə şaxələndirməyə nail olmaq çox vacibdir".
Mənbə: unikal.az