Relslərdəki təhlükələrə qarşı “ağıllı qatar” işə düşdü! – ADY açıqladı

Relslərdəki təhlükələrə qarşı “ağıllı qatar” işə düşdü! – ADY açıqladı

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) Dəmir yolu infrastrukturunun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti yoxlanılır.

Elektrikləşmiş dəmir yolu xətlərində isə kontakt şəbəkəsinin texniki vəziyyəti xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.

ADY-nin məlumatına görə, ultrasəs aşkarlama sistemi də daxil olmaqla, müasir texnologiyalarla təchiz edilmiş xüsusi diaqnostika qatarı vasitəsilə dəmir yolu infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirilir.

Yoxlamalar zamanı hər hansı uyğunsuzluq və ya qüsur aşkarlandıqda, onun dəqiq yeri barədə aidiyyəti sahə mütəxəssislərinə məlumat verilir. Daha sonra həmin əraziyə baxış keçirilir və problemin xarakterindən asılı olaraq müvafiq tədbirlər görülür.

Görülən işlərə relslərin dəyişdirilməsi, dəmir yolu xəttinin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki tədbirlər daxildir.

ADY bildirir ki, diaqnostika qatarının fəaliyyəti mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, onların operativ aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.

Aytac Əliyeva


Mənbə: yenisabah.az