“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - Video

“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - Video

Bakının Xətai rayonu Oksigen küçəsi ev 1 ünvanında yaşı 135-dən çox olan bina qəzalı vəziyyətdə olduğu üçün söküntüsü planlaşdırılır. Lakin vətəndaşlar kompensasiya ilə razılaşmır.

“Qafqazinfo” xəbər verir ki, İctimai TV sözügedən ərazidən süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, həmin kompensasiyaya heç yerdən ev tapmaq olmur: “Evimin sahəsi 34,8 kvadratdı, 52 200 manat pul düşür. Mən bu məbləğə heç ətrafımda birotaqlı həyət evi də ala bilmərəm. İstəyim odur ki, kompensasiyasını artırsınlar. Gəlib bazar qiymətinə, kvadratıma uyğun pul versinlər”.

Digər bir şikayətçi isə evinin 60 kvadrata yaxın olduğunu, 90 min manat kompensasiya verildiyini söyləyib: “Ancaq bu pulla ev almaq mümkün deyil. Bizə normal, bazar qiymətinə uyğun kompensasiya verilsin, biz də çıxaq. Burada sadəcə 5-6 ailə razılaşaraq köçüb. Buna səbəb isə onların kənarda evlərinin olmasıdır”.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, təklif olunan məbləğlə yalnız 8 ailə razılaşıb, köçüb: “Qiymətləndirmə prosesi RİH tərəfindən aparılmır. Bunun üçün müvafiq qurumlar var. Onlar ərazi üzrə baxış keçirir, hansı qiymət lazımdırsa, onu vətəndaşlara təklif edirlər. Narazı olan şəxslər məhkəməyə və müvafiq qurumlara müraciət edə bilərlər”.

Başqa bir ərazidə də söküntüsü planlaşdırılan binanın vətəndaşları eyni problemdən şikayətçidirlər. Belə ki, Binəqədi rayonu Ağa Nemətulla 13 küçəsində də sakinlər verilən kompensasiya ilə razılaşmayıblar. Onlar təklif edilən məbləğlə ev ala bilməyəcəklərini bildiriblər.

Daha ətraflı videomaterialda:

Mənbə: qafqazinfo.az