Azərbaycan və Çin arasında birgə universitetin yaradılması təkcə iki ölkənin təhsil sistemlərinin əməkdaşlığı deyil, eyni zamanda Azərbaycanın ali təhsilində yeni bir mərhələnin təzahürüdür.
Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
“Birgə universitetlər ölkəyə yalnız yeni fənlər və proqramlar deyil, eyni zamanda müxtəlif ölkələrin elmi, metodoloji və pedaqoji təcrübəsini gətirir. Həmçinin bu tip əməkdaşlıqlar vasitəsilə yerli müəllim heyəti də beynəlxalq təcrübədən bəhrələnir, elmi-tədqiqat imkanları genişlənir.
Çin universitetlərinin dünya reytinqlərindəki mövqeyinə nəzər yetirsək, ölkənin ali təhsil sistemi son 20 ildə misilsiz yüksəliş göstərib. Çin universitetlərinin əsas üstünlüyü sürətli innovasiya, STEM və texnologiya sahəsində ixtisaslaşma, eləcə də dövlətin bu sahəyə böyük investisiyalarıdır.
Azərbaycan üçün bu universitetin yaradılması bir neçə strateji üstünlük gətirəcək. Əvvəla, Çin təhsil sisteminin mühəndislik, informasiya texnologiyaları, robototexnika, logistika, beynəlxalq ticarət kimi prioritet sahələrdə təcrübəsindən birbaşa faydalanmaq mümkün olacaq. Bu, Azərbaycanda məhz bu istiqamətlərdə peşəkar kadr hazırlığının səviyyəsini yüksəldəcək. İkincisi, universitetdə Çin dili və mədəniyyəti öyrədiləcək, bu isə tələbələrə gələcəkdə Asiya bazarında işləmək, Çin şirkətlərində və ya birgə layihələrdə iştirak üçün ciddi üstünlük qazandıracaq. Eyni zamanda, Çin universitetlərinin geniş beynəlxalq şəbəkəsi Azərbaycandan olan tələbələrə qlobal akademik və tədqiqat layihələrinə çıxış imkanı yaradacaq. Həmçinin tələbələr Çinin güclü sənaye, ticarət və texnologiya sektoru ilə birbaşa əlaqə quracaqlar”, - ekspert bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çərçivəsində Aərbaycan və Çin arasında birgə universitetin yaradılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: axar.az