Bulvarda attraksionların təhlükəsizliyi necə TƏMİN olunur? – Rəsmi AÇIQLAMA

Bulvarda attraksionların təhlükəsizliyi necə TƏMİN olunur? – Rəsmi

Havalar isinəndən bəri paytaxt parklarındakı attraksionlara üz tutanların sayı artıb.

Uşaqlara, gənclərə, eləcə də, böyüklərə zövq verən, adrenalin yaradan yelləncəklər hər kəs üçün ən maraqlı əyləncədir.

Amma bəzən bu rəngbərəng, maraqlı əyləncələr kabusa da çevrilə bilir. Özəlliklə də, istifadəçilərin səhhəti buna yol verməyəndə və qurğuya texniki nəzarət həyata keçirilməyəndə

Bu üzdən əyləncəli olduğu qədər təhlükəli olan attraksionların texniki baxışı ilə bağlı məlumat almaq üçün sualımızı Bakının ən yüksək yelləncəyinin yerləşdiyi məkanın cavabdehlərinə - Dənizkənarı Bulvar İdarəsinə ünvanladıq.

Yelləncəklərdə təhlükəsizliyi təmin olunurmu?

Qurumdan bildirildi ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən attraksionlar və oyun qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir:

“Onların təhlükəsiz istismarını təmin etmək məqsədilə Dənizkənarı Bulvar İdarəsi tərəfindən hər gün nəzarət-yoxlama tədbirləri həyata keçirilir. Qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır və mühəndis-texniki heyətin bilik səviyyəsi mütəmadi şəkildə qiymətləndirilir. Bundan əlavə, attraksionlarda defektoskopiya, ölçü işləri, sınaq və yoxlamaların aparılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən də əlavə yoxlamalar həyata keçirilir”.


“Şeytan çarxı”nda işıq sönərsə...

İdarədən bildirildi ki, “Panorama” attraksionunda da ziyarətçilərin təhlükəsiz və komfortlu istirahətini təmin etmək məqsədilə müasir təhlükəsizlik standartlarına cavab verən avadanlıqlar var:

“Attraksionun fəaliyyəti zamanı bütün proseslər peşəkar operatorlar tərəfindən daim nəzarətdə saxlanılır. Attraksion hərəkətdə olduqda ziyarətçilərin qadağan olunmuş ərazilərə daxil olmasına qəti şəkildə icazə verilmir. Kabin platformadan ayrıldıqdan sonra qapılar avtomatik kilidlənir və içəridən açılması mümkün olmur, bu isə sərnişinlərin hərəkət zamanı maksimal təhlükəsizliyini təmin edir.


Elektrik enerjisinin kəsilməsi kimi hallarda isə xüsusi ehtiyat enerji mənbələri vasitəsilə attraksionun fasiləsiz fəaliyyəti və sərnişinlərin təhlükəsizliyi təmin edilir. Əlavə olaraq, kabinələrdə təcili vəziyyətlər üçün rabitə vasitələri mövcuddur və bütün avadanlıqlar mütəmadi olaraq texniki baxışdan keçirilir. Attraksionun fəaliyyəti daim operatorlar tərəfindən izlənilir və sərnişinlərin təhlükəsizliyi tam şəkildə təmin olunur”.

Yeri gəlmişkən, bildirək ki, “Panorama” küləyin sürəti 11 m/s-dən artıq olduqda, eləcə də tufan, yağış, ildırım, dolu və ya qar kimi əlverişsiz hava şəraitində fəaliyyət göstərmir.

Maraqlıdır, bəs, kimlər attraksionlardan istifadə edə bilməz?

Qurumdan bildirilib ki, əyləncə və istirahət imkanlarının hər kəs üçün təhlükəsiz və rahat şəkildə təmin edilməsi Dənizkənarı Bulvar İdarəsinin əsas prioritetlərindəndir:

“Bu baxımdan, attraksionlardan istifadə zamanı ziyarətçilərin sağlamlığı və təhlükəsizliyi xüsusi önəm daşıyır. Attraksionlar, o cümlədən fiziki məhdudiyyətli şəxslərin də istifadəsi üçün əlçatan infrastrukturla (panduslarla) təmin olunub.

Bununla belə, sağlamlıq vəziyyəti və ya psixoloji-emosional durumu attraksion istifadəsinə uyğun olmayan şəxslərə bu xidmətlərdən istifadə etməmələri tövsiyə olunur. Xüsusilə, alkoqol və ya narkotik maddələrin təsiri altında olan şəxslərin, hündürlük qorxusu (akrofobiya) olanların, tez-tez baş ağrısı, başgicəllənmə və ya epilepsiya kimi narahatlıqları olan şəxslərin attraksionlardan istifadə etməsi məqsədəuyğun sayılmır. Eyni zamanda, 12 yaşdan kiçik uşaqlar yalnız valideyn və ya böyüklərin müşayiəti ilə attraksionlardan istifadə edə bilərlər. Bu tövsiyələr həm fərdi, həm də ümumi təhlükəsizliyi qorumaq məqsədi daşıyır”.

Rəna Cumaqızı, Bizim.Media

Mənbə: bizim.media