Bakı Sirkinin möhtəşəm premyerasında kuryoz hadisə - REPORTAJ, FOTOLAR

Bakı Sirkinin möhtəşəm premyerasında kuryoz hadisə - REPORTAJ, FOTOLAR<span class="qirmizi"></span>

Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş preymera-tamaşada nələr yaşandı?

Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayişinə başlanıb. Dünən axşam tamaşanın premyerası oldu. Noyabrın 27-nə kimi davam edəcək proqramın dünənki tamaşası şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunurdu. Tamaşaya müharibə qəhrəmanları da dəvət olunmuşdu və zal onları alqışlarla qarşıladı.

Müxtəlif akrobatika və gimnastika kimi sahələri özündə cəmləşdirən, möhtəşəm bir şou oldu. Bundan başqa, sirk proqramında heyvanların xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri, pəhləvan nömrələri göstərildi. Proqramda Rusiyadan, Kubadan, Almaniyadan gəlmiş bir sıra məşhur sirk ustaları öz nömrələri ilə çıxış etdilər. Tamaşa Qarabağ atları xüsusi kompozisiyaların nümayişi və çaparların möhtəşəm nömrələrilə başa çatdı. Proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilov idi.

Həqiqətən də, həmişəki kimi, hər şey yüksək peşəkarlıqda edildi və möhtəşəm idi. Lakin…

Bakı Dövlət Sirkinin problemləri var. Sirkin binası köhnəlib, həm xaricdən, həm daxildən əsaslı təmirə ehtiyacı var. 1967-ci ildə tikilən binanın 55 yaşı olsa da, Bakı Sirkinin tarixi əslində 120 ildən çoxdur. Maraqlı faktdır ki, Sirkin əvvəlki binaları yanğında məhv olub. Bu haqda qısa arayış verək, sonar keçək məsələnin əsas tərəfinə.

1900-cu illərdə Rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açdılar. 1904-cü ildə isə onlar keçmiş “Tarqovı” və “Bolşaya Morskaya” küçələrinin tinində, indiki Nəsimi bağının yerində Şərqdə ilk Sirk-teatr inşa etdirdilər.

1906-cı ildə Sirk-teatrın binası yandı. Ancaq qardaşlar elə həmin il onun yerində daşdan yeni sirk binası inşa etdirdilər. 1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində, başqa bir sirk binası tikdilər. 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv etdi və çox keçmədi ki, Kudryavtsev burada öz sirkini qurdu.

Bakıda sirkin fəaliyyət göstərdiyi bütün bu müddət ərzində onun səhnəsində Rusiyanın müxtəlif şəhərlərindən gələn sirk truppaları çıxış edirdilər. O dövrün məşhur sirk truppaları Tanti qardaşlarının, Lerrinin rəhbərlik etdiyi kollektivlər də 20-ci illərdə tez-tez Bakıya qastrollara gəlirdilər.

1967-ci ildə isə Bakı sirkinin həyatında ən əlamətdar hadisələrdən biri baş verdi. Arxitektorlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi əsasında müasir teatr-sirk avadanlıqları ilə təchiz olunan 3 manejə (su, buz, kauçuk) malik 2000 yerlik sirk binası tikildi. Bu SSRİ məkanında yeganə ilk və yeganə peşəkar sirk binası idi.

Keçən 55 idə bu binada çox möhtəşəm tamaşalar verilib. SSRİ-nin, dünyanın nüfuzlu sirk kollektivlərinin burada konsertləri baş tutub. Bakı Sirkinin öz kollektivləri də maraqlı nömrələrlə çıxış ediblər.

Bakı Sirki uşaqların ən çox sevdiyi məkandır. Təəssüf ki, bu binada demək olar ki, ancaq bayramdan bayrama tamaşalar verilir. İldə maksimum 2-3 dəfə. Sirkin binası öz dövrünə görə çox möhtəşəm olsa da, hazırda bir çox tələbləri qarşılamır. Manej kiçikdir, bəzi texniki texniki qurğular quraşdırmaq üçün imkan yoxdur və s. Üstəlik binanın xarici və həyəti də normal deyil. Avtomobillər üçün dayanacaq çox kiçikdir. Binanın fasadı köhnəlib. Zalın da təmirə ehtiyacı olduğu görünür. Hələ mən daxili otaqlarda olmadığıma görə, onların nə vəziyyətdə olduğunu deyə bilmərəm. Maraqlı idi ki, bu dəfə foyedə uşaqlar üçün od qiymətinə şirniyyat, oyuncaq satanlar yox idi.

İndi isə keçək konsertdə baş verənlərə. Şəhərdə dəhşətli tıxac olduğundan tamaşaçıların çoxu gəlib çıxa bilməmişdi və bu səbəbdən tamaşa yarım saat gec başladı. Təqdimat üçün səhnəyə çıxan şəxsin əlindəki mikrafon uzun cəhdlərə baxmayaraq işləmədi. Texniki heyət 10-15 dəqiqə ərzində problemi heç cür həll edə bilmədi. Nəticədə səs-küylü zalda adi səslə danışmalı olan təqdimatçının nə dediyini heç kim eşidə bilmədi. Bu aşkar surətdə Sirkin həm də elektron texniki problemləri olduğunu göstərir.

Tamaşa başladıqdan sonra hər şey qaydasında getdi. Müxtəlif nömrələr bir-birini əvəz etdi, uşaqlar çox sevinc və maraqla izləyirdilər. Nömrələrin birində manejə avtomobil daxil oldu və pəvləvanın üzərindən keçdi- uşaqlar bunu çox təəəcüblə izlədilər.

Ən sonda uzun illərdən sonra ilk dəfə Qarabağ atları qrupu və çaparlar möhtəşəm nömrələr göstərdilər- milli oyunlar, at üzərində akrobatik hərəkətlər, xüsusi kompozisiya və s. Bu nömrələr çaparaq gedən atın üstündəki çaparın çiyninə qalxan akrobatın Azərbaycan bayrağını açması ilə başa çatdı- zalın sürəkli və möhtəşəm alqışları altında.

Qeyd etməliyik ki, Bakı Sirkinin orkestri həmişə olduğu kimi, öz işinin öhdəsindən peşəkarlıqla gəldi və canlı musiqilərlə tamaşaların təsirini artırdı. Bütün yaradıcı və yardımçı heyət qüsursuz işlədi.

Onu da qeyd edək ki, sirk biletləri əvvəlki illərlə müqayisədə 2 dəfədən çox bahalaşıb. Bir neçə il əvvələ kimi sirktdə biletlər 5 manatdan başlayırdısa, indi 11 manatdan başlayır. Bu isə imkansız təbəqənin uşaqlarının belə gözəl tamaşalara baxmaq imkanından məhrum edir. O uşaqlar ki, böyüyüb vətən uğrunda canlarını qurban verirlər. 1 valideyn 2 uşağını sirkə gətirmək üçün ən 33 manat biletə, 2 manat da avtobus biletinə - cəmi 35 manat xərc çəkməlidir. Əksəriyyət üçün bu o qədər də az vəsait deyil. Yaxşı olardı ki, sirk biletlərinin qiyməti ucuzlaşdırılsın. Əgər konsertlərdən yığılan pul xərcləri ödəmirsə, onda tamaşaların sayını artırmaqla vəziyyətdən çıxamaq olardı.

Tamaşalar noyabrın 27-dək davam edəcək. Şəhid və qazi ailələri üçün biletlər pulsuzdur.

Növbəti srik mövsümü gözəl təmir olunmuş Sirk binasında yeni tamaşalara baxmaq ümidi ilə…

Elçin Bayramlı

Fotolar müəllifindir

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” çərçivəsində hazırlanıb.

Mənbə: sia.az