"Atamsız çətindir. Təsəlli yalnız gəlib məzarını qucaqlayıb, öpmək olur. Evin tək qızı olmuşam, heç nədən korluq çəkməmişəm. Atam hər zaman dağ kimi arxamda oldu. Heç zaman məni tək qoymadı. Çox söz vermişdi, amma bütün sözləri yarımçıq qaldı".
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Quliyevin qızı Günel “7 canlı” axşam şousunun efirində gedən videosüjetdə deyib.
Mərhum aktyorla bağlı xatirələrini bölüşən övladı onun itkisi ilə hələ də barışa bilmədiyini dilə gətirib.
"Cavan qardaşım dünyasını dəyişib, onun dərdi... Onun vəfatından sonra atam çox pis oldu. Birlikdə onun qəbrinin üstünə gedirdik, otururduq. Atamın vəfat etdiyini deyəndə inanmadım. Gedib onun cəsədini morqda görənə kimi inanmırdım. Onun üzünü açıb görməyənə qədər öldüyünə inanmırdım. O, asan öləcək biri deyildi, çox güclü insan idi. Atam tək böyümüşdü, inanmırdıq ki, o, belə tez vəfat edəcək".
Sonra Xalq artistinin qızı Günel canlı efirə zəng edərək anasının səhhətində yaranan problemlərdən söz açıb.
“Xəstəxanaya apardıq, baxdılar, müalicə yazdılar. İndi evdədir. Anamın vəziyyəti çox pisdir. Qaraciyərində problem var”.
Rəşad Əliyev, Bizim.Media
Mənbə: bizim.media