Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı anasının vəfatından sonra ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, o, “Səni axtarıram”da valideyninin vəfatı ilə bağlı bunları söyləyib:
“Çox istəyirdim ki, anamla atam “Səni axtarıram”ın 15 illik tədbirində olsun. Anamın görməyini istəyirdim. Zəng etdim ki, ana, heç olmasa, sən gəl. Demədi, ağrıyıram. Heç kəsə deməyib, hər zaman gülümsəyirdi. Dedi, “atansız heç yerə getmirəm”. Qarşımı atamla kəsdi. Biz canlı bağlantı etmişdik, anam onu izləyəndə mənə dualar edirmiş. Gəlinimiz deyir, söylədi ki, “ilahi, balamı göz-nəzərdən, xəta-bəladan hifs et, ona gələn mənə gəlsin, çünki mənim 85 yaşım var, amma balamın 3 balası var”. Bu sözləri gəlinimiz dedikdən sonra özümü çox pis hiss edirəm. Böyük tədbir idi. Fikirləşirdim ki, bazarertəsi anam efirdən izləyəcək. O günləri, gözəllikləri, 15 illik əmək sərf etdiyimiz, gecə-gündüz yatmadığımız, vurulub yıxıldığımız, qalxdığımız proqramı...
Çünki anam o savaşlardan mənimlə birgə keçdi. Mən hər “vurulanda”, hər ağlayanda anamın ağlamağını, “balamdan nə istəyirlər?” dediyini eşitdim. Pəncərənin qarşısında oturub deyirdi ki, “ilahi, qızıma pislik edənlərə yaxşı günlər nəsib et ki, qızımı unutsunlar”. Hərdən fikirləşirəm ki, bəlkə də mənim savaşlarımdan anam stress keçirdi, xərçəng tapdı.
O pisliklər, haqsızlıqlar anamı yordu. Çünki o, mələk kimi qadın idi, el anası idi, o getdiyi yerdə savaşlar, küsülülüklər bitirdi”.
Mənbə: bizim.media