“Bu nəticəni qazanmaq üçün gecə gündüz çalışırdım, elə olurdu sutkada 4-5 saat yuxu yatırdım”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna martın 9-da keçirilmiş buraxılış imtahanında maksimum bal toplayan Gəncə şəhər 26 nömrəli Fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin şagirdi Nəzrin Abbasova verib.
O, imtahanın nəticələrini ilk anasından eşitdiyini bildirib:
“Çox sevinirəm ki, bir arzuma çatdım. Yüksək intizam, dözüm və bacarığımla, bir də valideynlərimin, müəllimlərimin dəstəyi ilə ali məktəb yolunda ilk uğurlu addımımı atdım. Ümid edirəm ki, bundan sonra usanmadan, tükənmədən, səbrlə, müəllimlərimin köməkliyi ilə blok imtahanlarından da yüksək nəticə göstərəcəm”.
Nəzrin Abbasovanın sözlərinə görə ən böyük arzusu yüksək bal toplayaraq 1-ci ixtisas qrupu üzrə informasiya texnologiyaları üzrə mütəxəssis olmaqdır. Uşaqlıqdan bu sahəni sevib.
Valideynləri əvvəllər onun bu fikri ilə razılaşmasalar da, sonradan fikirlərini dəyişiblər:
“Ali təhsillə bağlı seçim edəndə və informasiya texnologiyaları üzrə mütəxəssis olmaq istədiyimi valideynlərimə bildirəndə öncə onlar arzuma çox tərəddüdlə yanaşdılar. Lakin sonradan özləri də araşdırmalar apardılar, internetdən maraqlandılar və bu ixtisasın nə qədər vacib və önəmli olduğunu hiss etdilər. Sonradan bu çətin yolu onların dəstəyi ilə keçə bildim. Valideynlərimə və müəllimlərimə mənə verdikləri dəstəyə görə minnətdaram”, - deyə N. Abbasova əlavə edib.
N. Abbasovanın maksimum 300 bal nəticə toplaması valideynləri və müəllimlərini çox sevindirib. Anası Günel Abbasovanın sözlərinə görə övladları bütün gücü ilə yüksək ballar toplamaq üçün çalışır.
Cavablar çıxanda Nəzrinin anası işdə olub:
“Martın 2-də keçirilən imtahanların nəticələri elan olunanda maksimum 300 balı toplayanlar arasında Gəncədən olan məktəblilərin adının olmaması məni çox təəsüfləndirmişdi. Qızımla söhbət edən Nəzrinin bu yüksək nəticəni göstərəcəyinə inamımı bildirdim. Əslində özü də 300 bal toplayacağına əmin idi. Cavablar çıxanda maksimum nəticəni görəndə sevincdən gözlərim doldu.
Nəhayət ki, əziyyətinin bəhrəsi özünü göstərdi. Bu yolda Nəzrinin intizamlı, dözümlü olması, öz üzərində davamlı işləməsi kömək oldu. Dərslərdən başqa Nəzrin internet vasitəsilə biliklərini daha da təkminləşdirirdi. Biz valideyn olaraq bundan sonra da övladımızı bu yolda dəstəkləməkdə davam edəcəyik”, - deyə Günel Abbasova əlavə edib.
Ana övladının qarşıdakı blok imtahanlarında da ən yüksək nəticə gösətərəcəyinə inanır:
“Nəzrin özünə çox tələbkar qızdır. O, ali məktəbə maksimum nəticə ilə daxil olacağına inanır və öz üzərində çalışır. Ümid edirik ki, öz çalışqanlığı, biliyi və bacarığı ilə bundan sonra keçiriləcək imtahada da ən yüksək nəticəni göstərəcək. Nəzrinin maksimum nəticə göstərəcəyinə təhsil aldığı Gəncə şəhər 26 nömrəli Fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin rəhbərliyi və müəllim heyəti də çox inanıb”.
Tədris müəssisəsinin direktoru Vüsalə Səfərova Nəzrinin 1-ci sinifdən əlaçı olduğunu, bilik yarışmalarında yüksək nəticələr göstərdiyini, müəllimlərinin ona çox inandıqlarını deyir:
“Nəzrin çox intizamlı, çalışqan, öz üzərində işləyən, oxumaqdan qorxmayaraq, yorulmayaraq dərs fənnlərini yaxşı mənimsəyən şagirdimizdir. Bütün litseyimizin kollektivi ona inanırdı və yüksək nəticələr gözləyirdik.
Bundan sonra blok imtahanlarında da onun yüksək ballar toplayacığına ümid edirik. Düzdür litseyimizdə 250-dən yüxarı bal toplayan 7 şagirdimiz olsa da, Nəzrin həm təhsil müəssisəmizin, həm müəllimlərinin, həm də valideynlərinin başını uca etdi. Ona gələcək həyatında uğurlar arzu edirik və 700 maksimal balı gözləyirik”, - deyə liyseyin direktoru vurğulayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Mənbə: bizim.media