Məşhurlar “Met Gala”da - Fotolar

Məşhurlar “Met Gala”da - Fotolar

Ötən gün Nyu-Yorkda dünyanın ən nüfuzlu moda tədbirlərindən biri – “Met Gala” baş tutub.

Hər il Metropolitan İncəsənət Muzeyində təşkil olunan qala gecəsi aktyor-aktrisaları, musiqiçilər, modellər, dizaynerlər və digər tanınmış şəxsləri bir araya gətirib.

Builki tədbir yalnız parlaq libaslarla deyil, həm də mövzusu ilə diqqət çəkib. Belə ki, mərasim “Superfine: Tailoring Black Style” adlı sərgiyə həsr olunub. Sərgi mayın 10-dan oktyabrın 26-na qədər ictimaiyyət üçün açıq olacaq.

“Met Gala”nın qırmızı xalça “dress-kod”u isə “Tailored for you” adlanır.

Gecədə bir çox məşhurlar öz fərdi və yaradıcı tərzləri ilə diqqət çəkiblər.

Rihanna tədbirə “Marc Jacobs” imzalı özəl kostyumda qatılıb. Sidni Suini isə “Miu Miu”nun xüsusi hazırlanmış, parlaq və dərin dekolteli qara libasında gəlib. Codi Törner-Smit qırmızı dəri kostyum və şlyapası ilə diqqət çəkənlərdən olub. Kayli Cenner şəffaf korsetli uzun libası ilə zəriflik nümayiş etdirib.

Qeyd edək ki, “Met Gala” 1948-ci ildə gecəyarısı verilən bir şam yeməyi kimi başlayıb. Tədbirə yalnız dəvət olunan qonaqlar qatılırdı və biletin qiyməti 50 dollar idi. Bu ideya moda publisisti Elinor Lambertə məxsus idi. Bu mərasimi təşkil etməkdə məqsədi isə Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutuna vəsait toplamaq, eyni zamanda institutun illik əsas sərgisinin açılışını qeyd etmək idi.

“Met Gala” hər il may ayının ilk bazar ertəsi günü keçirilir və Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutunun illik sərgisinin açılışını qeyd edir. Hər il tədbir üçün xüsusi bir mövzu seçilir və iştirakçılar bu mövzuya uyğun geyimlərlə qırmızı xalçada görünürlər. Mərasim həm də Kostyum İnstitutunun əsas maliyyə mənbələrindən biridir və hər il milyonlarla dollar vəsait toplanmasına səbəb olur.

Lamiyə Məmmədova
































Mənbə: qafqazinfo.az