Şuşadan verilən mesaj Vaşinqtonu hərəkətə gətirəcəkmi?

Şuşadan verilən mesaj Vaşinqtonu hərəkətə gətirəcəkmi?

Onilliklərlə ölkəmizə qarşı siyasi təzyiq aləti kimi tətbiq edilən, uzun illər Azərbaycan-ABŞ münasibətlərində narazılıq doğuran 907-ci düzəliş yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışında bu məsələyə xüsusi yer ayıraraq bildirib ki, regionda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyiş və iki ölkə arasında formalaşan yeni əməkdaşlıq mühiti fonunda həmin düzəliş artıq heç bir hüquqi və siyasi əsas daşımır. Dövlət başçısı ABŞ Konqresini bu sənədi tamamilə ləğv etməyə çağırıb. Eyni zamanda Tramp administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərinin tarixinin ən yüksək mərhələsinə yüksəldiyini vurğulayaraq, iki ölkə arasında strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, 907-ci düzəliş uzun illər boyu Azərbaycan-ABŞ münasibətlərində “kölgə” kimi qalmışdı, indi isə Prezidentin öz sözlərilə desək, sülh sazişinin paraflanması, tranzit məhdudiyyətlərinin ləğvi və Ermənistana neft məhsulları ixracı kimi konkret addımların atılması onu tamamilə köhnəlmiş edib:

“907-ci düzəliş 1990-cı illərdə Azərbaycana qarşı tətbiq olunan ayrı-seçkilik faktı idi. Bu gün isə həmin dövrün siyasi konyukturası artıq tarixə çevrilib. Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışı göstərir ki, Azərbaycan bu məsələyə gücdən deyil, faktlardan çıxış edərək yanaşır. Sülh sazişinin paraflanması, Ermənistana tranzit məhdudiyyətlərin birtərəfli aradan qaldırılması və hətta enerji tədarükünün başlanması sadəcə jestlər deyil, real nəticələrdir. Xüsusilə diqqətəlayiqdir ki, bu çağırış təhdid yox, əməkdaşlıq dilində səslənib. Tramp administrasiyası ilə formalaşan yüksək səviyyəli etimad mühiti, Prezidentin qeyd etdiyi kimi, artıq düzəlişin praktiki təsirini demək olar ki, sıfıra endirib. Qalan yalnız onun simvolik yükünün rəsmən aradan qaldırılmasıdır. Bu, Vaşinqton-Bakı münasibətlərinin köhnə “sanksiya-təzyiq” modelindən “tərəfdaşlıq-etimad” modelinə keçidinin ən aydın göstəricisidir”.

Cavanşir Abbaslı

Mənbə: musavat.com