Avropa İttifaqının Ermənistan üçün yeni tərəfdaşlıq missiyası yaratması Bakıda birtərəfli siyasətin davamı kimi qiymətləndirilir
Avropa İttifaqı (Aİ) Ermənistan üçün yeni tərəfdaşlıq missiyasının yaradılmasını təsdiqləyəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib. Onun sözlərinə görə, yeni missiya hibrid təhdidlərə, eləcə də Ermənistanın üzləşdiyi xarici informasiya manipulyasiyaları və müdaxilələrə qarşı mübarizə ilə məşğul olacaq. Kallas bildirib ki, Ermənistan həqiqətən də bu cür çağırışlarla qarşılaşır və missiyanın əsas məqsədi həmin risklərin azaldılmasına dəstək verməkdir.
Aİ-nin Ermənistanda yeni tərəfdaşlıq missiyası yaratmaq qərarı regionda formalaşan yeni siyasi xəttin davamı kimi görünür. Son illərdə Brüssel bir tərəfdən Azərbaycana insan hüquqları, media və siyasi məsələlər üzrə təzyiq mexanizmlərini aktiv saxlayır, digər tərəfdən isə Ermənistanla təhlükəsizlik və institusional əməkdaşlığı sürətlə genişləndirir. Yeni missiyanın “hibrid təhdidlərə qarşı mübarizə” adı altında təqdim olunması da əslində İrəvanın Avropa təhlükəsizlik sisteminə daha sıx inteqrasiyası istiqamətində növbəti addım kimi qiymətləndirilir.
Burada diqqət çəkən məqam odur ki, Avropa İttifaqı artıq Ermənistanda yalnız müşahidəçi rolunda çıxış etmir. Monitorinq missiyasından sonra indi informasiya təhlükəsizliyi və xarici müdaxilə məsələləri üzrə ayrıca tərəfdaşlıq mexanizmi qurulur. Bu isə Ermənistanın qərbyönlü təhlükəsizlik orbitinə daxil edilməsinin mərhələli şəkildə dərinləşdiyini göstərir.
Azərbaycan baxımından isə mənzərə fərqlidir. Enerji təhlükəsizliyi və nəqliyyat layihələrində Bakı ilə əməkdaşlıq edən Avropa strukturları siyasi məsələlərdə daha sərt ritorikadan istifadə edir. Xüsusilə Qarabağdan sonrakı dövrdə Azərbaycan tez-tez müxtəlif qətnamə və hesabatların hədəfinə çevrilir. Nəticədə regionda belə bir təsəvvür yaranır ki, Brüssel Bakı ilə strateji əməkdaşlığı davam etdirsə də, İrəvanı daha açıq şəkildə öz siyasi çətiri altına almağa çalışır.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının Ermənistanda “hibrid təhdidlərə qarşı mübarizə” adı altında yeni tərəfdaşlıq missiyası yaratmaq ssenarisi regionda sülh və sabitliyə deyil, geosiyasi qütbləşməyə xidmət edən növbəti manipulyasiya alətidir: “Kaya Kallasın timsalında Brüsselin bəyan etdiyi bu yeni təşəbbüs mahiyyət etibarilə Cənubi Qafqazda yeni ayırıcı xətlər çəkmək və Ermənistanı Qərbin hərbi-siyasi platsdarmına çevirmək planının tərkib hissəsidir. Bu məsələnin siyasi, hüquqi və strateji aspektləri regional tarazlığı sarsıdır, çünki beynəlxalq hüququn təməl prinsiplərinə - BMT Nizamnaməsi və Helsinki Yekun Aktına görə regional təhlükəsizlik mexanizmləri digər dövlətlərin maraqlarına xələl gətirməməlidir. Aİ-nin birtərəfli qaydada Ermənistanı silahlandırmaq layihələri və bu kimi qeyri-şəffaf missiyaları regionda güc balansını pozur, subyektiv "hibrid təhdid" anlayışı altında isə faktiki olaraq digər regional aktorlara qarşı yönəlmiş kəşfiyyat və təsir şəbəkəsi qurulur. Brüsselin insan hüquqları və media bəhanəsi ilə Bakıya qarşı aktivləşdirdiyi təzyiq mexanizmləri Azərbaycan Respublikasının daxili qanunvericilik bazası, xüsusilə konstitusiyada təsbit olunmuş suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir".
Parlamentari onu da diqqətə çatdırdı ki, bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ən böyük strateji üstünlüyü Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial, müstəqil və milli maraqlara söykənən xarici siyasət xəttidir: "Dövlət başçısının “Biz heç kimin diktəsi ilə hərəkət etmirik” fəlsəfəsi nümayiş etdirir ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq qeyri-mümkündür. Bu qətiyyətli mövqe Ermənistanı və onun Brüsseldəki havadarlarını hər hansı hərbi avantüradan çəkindirən, revanşizmə qırmızı işıq yandıran əsas amildir. Enerji təhlükəsizliyində və Cənubi Qafqazdakı maraqlarının təmini baxımdan Bakının imkanlarından asılı olan Avropa strukturları dərk etməlidir ki, birtərəfli siyasi gedişlər Azərbaycanın iradəsinə təsir edə bilməz. Nəticə etibarilə, Brüsselin İrəvanı öz təhlükəsizlik çətiri altına almaq cəhdlərinə baxmayaraq Azərbaycan həm beynəlxalq hüquqi arqumentləri, həm də daxili qanunvericiliyin verdiyi suveren hüquqları maksimum tətbiq edərək, regionun taleyinin kənarda deyil, məhz Bakıda həll olunduğunu hər addımda sübut edir".
“Ermənistan regionun zəif bəndi olaraq Aİ üçün öz maraqlarını təmin etmək baxımından münbit məkandır və xüsusilə də Ermənistanın xarici siyasət kursunda son dövrdə müşahidə olunan dəyişikliklər Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaradıb. İrəvanın təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar axtarması, Avropa institutları ilə siyasi dialoqu genişləndirməsi və müxtəlif proqramlarında iştirakını artırması Aİ üçün də təsir imkanlarını genişləndirmək baxımından əlverişli hesab olunur. Bu mənada yeni missiyanı hansısa texniki dəstək mexanizmi kimi qəbul etmək düzgün olmazdı”.

Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov belə deyib. Onun sözlərinə görə, bu əslində Avropa İttifaqının regionda institusional iştirakını dərinləşdirən vasitə kimi dəyərləndirməlidir: “Brüsselin Ermənistanda təhlükəsizlik komponentini gücləndirən yeni təşəbbüsləri Azərbaycanda da diqqətlə izlənilir və bu da təbiidir. Çünki Avropa institutlarının Ermənistandakı fəallığı Cənubi Qafqazın mürəkkəb siyasi reallıqları nəzərə alınmadan, regional balans gözlənilmədən baş verir. Azərbaycan uzun illərdir Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və iqtisadi əməkdaşlıq istiqamətində etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu son illər daha da artıb. Lakin bütün bunlara baxmayaraq biz Aİ tərəfindən Ermənistana olan münasibətin bizə də sərgiləndiyini müşahidə etmirik. Əgər Avropa İttifaqı regionda etibarlı və balanslaşdırılmış tərəfdaş kimi çıxış etmək istəyirsə, onun qərarları bütün regional aktorlar tərəfindən obyektiv və bərabər yanaşmanın nümunəsi kimi qəbul olunmalıdır. Əks halda, hər hansı tərəfə verilən üstünlük qarşılıqlı etimadı azalda bilər və azaldır da. Beləliklə, Ermənistanda yeni tərəfdaşlıq missiyasının yaradılması həm Avropa İttifaqının regiondakı geosiyasi maraqlarının genişləndiyini, həm də Cənubi Qafqazın beynəlxalq rəqabət müstəvisində əhəmiyyətinin artdığını göstərir. Azərbaycanın bu proseslərə praqmatik yanaşması, milli maraqlarını əsas götürərək həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı davam etdirməsi mövcud geosiyasi şəraitdə ən rasional yanaşma kimi görünür”.
Mənbə: musavat.com