Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunan “Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi haqqında” qanun layihəsi ilə bağlı paylaşım edib.
Türkiyə lideri bu barədə “X” hesabında yazıb.
R. T. Ərdoğan bu addımın ölkədə və regionda sülh mühitini gücləndirəcəyini vurğulayıb:
“Hərtərəfli məsləhətləşmələr nəticəsində hazırlanan bu qanun layihəsi əziz millətimizin həll iradəsini əks etdirən geniş konsensusla Qazi Məclisimizin təqdirinə təqdim olundu.
Türkiyəni terror təhlükəsindən həmişəlik xilas etməyi, milli birlik və bərabərliyimizi möhkəmləndirməyi, ölkəmizdə və bölgəmizdə hüzur iqlimini gücləndirməyi hədəfləyən bu adımın xeyirli olmasını diləyirəm.
İstər qanun layihəsinin təkmilləşdirilməsinə, istərsə də prosesin uğurla nəticələnməsinə töhfə verən başda “Cumhur İttifaqı”ndakı tərəfdaşımız Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Bağçalı olmaqla, bütün siyasi partiya qruplarına və deputatlarımıza təşəkkür edirəm”.
Mənbə: qafqazinfo.az