“Bu əlaqələr əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir”

“Bu əlaqələr əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat qeyd edib ki, məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir: “Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri, xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqillikləri əldə edildikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb: “Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür.

Xatırlatmaq yerinə düşər ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər”.

Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində ölkələrimiz arasında hərtərəfli əlaqələrin əhəmiyyəti ifadə olunub. Müsahibədən göründüyü kimi, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar:

“Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir.

Şübhəsiz ki, son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Sonda belə nəticəyə gəlmək olar ki, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə və Müttəfiqlik Bəyannaməsi bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri də qarşılıqlı əlaqələrin inkişafına böyük təkan verəcək”.

Mənbə: qafqazinfo.az