ABŞ prezidenti Donald Tramp Kanada rəhbərliyini sərt şəkildə tənqid edib və ölkənin hazırkı siyasətinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Tramp sosial şəbəkədə paylaşımında Ontario əyalətinin baş naziri Duq Fordu “boş vədlər” verməkdə ittiham edib. O, həmçinin Kanadanın Baş naziri Mark Karnini və Fordu ölkənin uğursuz idarəçiliyində günahlandırıb.
ABŞ prezidenti bildirib ki, Kanada onilliklər ərzində ABŞ-ın dəstəyindən faydalanıb, lakin Vaşinqtonun artıq bu siyasəti davam etdirməyəcəyini vurğulayıb.
“ABŞ olmadan Kanada yaşaya bilməz. Məhz ABŞ-dan pul alır və indiki pis idarəçilik səbəbindən daha ABŞ-ın üstünlüklərindən istifadə etməsinə imkan verilməyəcək”, - Tramp yazıb.
Tramp Kanadanın elektrik enerjisi, neft və qaz təchizatının böyük hissəsinin ABŞ ərazisindən keçdiyini də qeyd edib. O, Kanada rəhbərliyini “klounlar” adlandıraraq, siyasətlərini dəyişməyəcəkləri təqdirdə ölkəni daha ağır nəticələrin gözlədiyini bildirib.
“Bu klounları özlərinə gətirmək lazımdır, əks halda Kanada üçün vəziyyət daha da PİS olacaq!” - deyə Tramp vurğulayıb.
Mənbə: publika.az