Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin qardaşı qızı Züleyxa Əliyeva mənzillə bağlı ciddi problemlə üzləşib.
Züleyxa Əliyevanın yaxınları bununla bağlı “Bakupost”a müraciət edib.
Onlar bildiriblər ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən və “Aspirantların yataqxanası” kimi tanınan binada Z.Əliyevanın evi olub. Sözügedən bina isə “İnşaat Konstruksiyaları” MMC tərəfindən sökülüb və yerində yeni bina inşa edilib.
Şirkət sökülən mənzilin əvəzində yeni tikilidə mənzil verilməsi, həmin vaxtadək isə aylıq 300 manat kirayəhaqqının ödənilməsi barədə öhdəlik götürsə də, sonradan həmin mənzilin başqa şəxsə də satıldığı məlum olub.
Mənzillə bağlı problem olduğunu görən alıcı ödənişini geri istəyib və mənzil iddiasından əl çəkib. Lakin şirkət yenə sözügedən mənzili başqa şəxsə satıb.
Züleyxa Əliyeva üzləşdiyi vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazılı müraciət etdiyini bildirib.


Mənbə: qafqazinfo.az