İran Trampın oğlunu hədəfə aldı: Barronu öldürənə 10 milyon dollar mükafat

İran Trampın oğlunu hədəfə aldı: Barronu öldürənə 10 milyon dollar mükafat

İran dövlət televiziyasında ABŞ prezidenti Donald Trampın 20 yaşlı oğlu Barron Trampı hədəf alan təhdidedici video yayımlanıb.

Təxminən üç dəqiqəlik süjetdə Trampın oğlunun izlənildiyi iddia olunub və onun öldürülməsi üçün 10 milyon dollar mükafat təklif edildiyi bildirilib. Bununla yanaşı, videoda Barronun gündəlik həyatı, universiteti və mühafizəsi ilə bağlı müxtəlif görüntülər nümayiş etdirilib.

İranın dövlət televiziyasının “Channel 3” kanalında yayımlanan materialda Barron Trampın guya hərəkətlərinin tam nəzarətdə olduğu iddia edilib. Süjetdə onun universitetinə gedib-gəlmə marşrutu, mühafizə avtomobilləri və ABŞ Məxfi Xidmətinin əməkdaşlarının yerləşdiyi ərazilərlə bağlı görüntülər yer alıb.

Videoda həmçinin Barronun sosial media fəaliyyəti və ətrafındakı şəxslərlə bağlı məlumatların izlənildiyi göstərilib. Materialın hazırlanmasında süni intellektlə yaradılmış görüntülərdən və qrafiklərdən də istifadə edildiyi bildirilir.

Süjetin ən diqqətçəkən hissələrindən birində Barronun öldürülməsi müqabilində 10 milyon dollar mükafatdan bəhs edilib. Lakin bu məbləğin həqiqətən İran dövləti tərəfindən rəsmi şəkildə elan edildiyini müstəqil mənbələr təsdiqləməyib. Buna görə də bu iddia hazırda yalnız İran mediasında yayımlanan məlumat kimi qiymətləndirilir.

ABŞ tərəfi isə videoya ciddi reaksiya verib. ABŞ Məxfi Xidməti materialdan xəbərdar olduğunu və qorunan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək bütün məlumatları araşdırdığını açıqlayıb.

Qurumun nümayəndəsi Neyt Herrinq bildirib ki, əməliyyat təhlükəsizliyi baxımından konkret istintaq və kəşfiyyat detalları açıqlanmır. Bununla belə, Barron Trampa qarşı mümkün təhlükənin ciddi şəkildə araşdırıldığı təsdiqlənib.

Qeyd edək ki, Barron Tramp ABŞ prezidentinin ən kiçik övladıdır və hazırda 20 yaşı var. O, əvvəlki illərdə ictimaiyyət qarşısında digər ailə üzvləri ilə müqayisədə daha az görünməsi ilə seçilib.

İran mediasının Tramp ailəsinin üzvlərinə qarşı bu cür materiallar yayması ilk hal deyil. Bundan əvvəl ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampı hədəf alan və onun gündəlik hərəkətlərini izləməyi təsvir edən oxşar təhdidedici video da yayımlanmışdı.

Yeni video ABŞ və İran arasında onsuz da gərgin olan münasibətlərin fonunda yayımlanıb. ABŞ Məxfi Xidmətinin araşdırmaya başlaması isə Vaşinqtonun materialı sadəcə təbliğat xarakterli açıqlama kimi deyil, mümkün təhlükə kimi də qiymətləndirdiyini göstərir.

Mənbə: publika.az