Kralı qalada dəfn edəcəklər

Kralı qalada dəfn edəcəklər

89 yaşında vəfat edən Norveç kralı Harald Oslodakı Akershus qalasında yeni sarkofaqda dəfn ediləcək.

Dəfn mərasiminin vaxtı hələ bəlli deyil.

Monarxın dəfn olunacağı Sarkofaqın xarici görünüşü də məxfi saxlanılır və yalnız istifadə edildikdən sonra açıqlanacaq.

Təşkilinə Norveç Xarici İşlər Nazirliyinin cavabdeh olduğu dəfn mərasimində təxminən 3 min hərbçi iştirak edəcək. Onların mərasimdə iştirakının hazırlığına Akershus qalasının komendantı, briqada generalı Qyuda Ellefsplass Olssen rəhbərlik edir. O, 2024-cü ildən bu vəzifəni tutur və 1653-cü ildən bəri bu posta təyin olunan ilk qadındır.

Gələcəkdə kraliça Sonya da həmin sərdabədə dəfn olunacaq.

Norveç hökuməti yeni sarkofaqın hazırlanması üçün iki il əvvəl 20 milyon kron vəsait ayırıb. Layihə mükafatlara layiq görülmüş Snohetta memarlıq bürosuna və professor Kyetil Tredal Torsenə həvalə edilib.

Kral Harald sağlığında özünəməxsus yumor hissi ilə gələcəkdə dəfn olunacağı yer barədə danışıb.

“Ümid edirəm, içərisi yaxşı üzlənib ki, orada qalmaq rahat olsun. Axı orada kifayət qədər çox vaxt keçirməli olacağıq”, - deyə o, ötən il rəsmi şam yeməyi zamanı kraliçaya baxaraq bildirib.

Monarxın vəfat etdiyi gün Akershus qalasında 30 saniyəlik fasilə ilə 21 artilleriya atəşi açılıb. Norveçdə buna bənzər mərasim sonuncu dəfə 1991-ci ildə keçirilib.

Maraqlıdır ki, yaylım üçün istifadə olunan toplar 1905-ci ildə İsveç-Norveç ittifaqının ləğvindən əvvəl İsveçdən satın alınıb. Həmin vaxt Norveç İsveç dövlətindən öz dövrü üçün müasir sayılan 146 top alıb.

Mənbə: publika.az