Türkiyədə Ermənistanı Azərbaycana nümunə göstərənlərin cahilliyi: Orada müsəlman var ki...

Türkiyədə Ermənistanı Azərbaycana nümunə göstərənlərin cahilliyi: Orada müsəlman var ki...

Türkiyədə Azərbaycana qarşı “hicab qadağası” üzərindən aparılan kampaniyada ortaya bir fikir atılıb: “Ermənistan məktəblərində hicab taxmaq azaddır, Azərbaycanda qadağan”.

Belə bir fikri sıradan Türkiyə vətəndaşı dilə gətirsə, üzərindən keçmək olardı. Məsələ odur ki, bu iddianı Türkiyə siyasi cameəsi, mediası, ekspertləri irəli sürüb. Nəhayət, Nəcməddin Ərbakanın oğlu, “Yenidən Rifah” Partiyasının sədri Fatih Ərbakan “ağıllı fikir” kimi dilə gətirdi: “Bir arkadaşımız araşdırıb önümə gətirdi, Ermənistandakı məktəblərdə belə baş örtüsü sərbəstdir”.

Araşdırmasaydılar, “gedin araşdırın” demək olardı. Adamlar araşdırdıqdan sonra belə deyirlər ki, “Ermənistan məktəblərində hicab sərbəstdir”. Rəhmətlik İlbər Ortalının Türkiyə cəmiyyətində “cahillik” deyə tərifini verdiyi bəla budur.

Düşünmək olar ki, təbliğat kampaniyasında heç bir sərhəd tanımadan bütün iddiaları tirajlayırlar. Amma cahilliyin də bir səviyyəsi olmalıdır.

Ermənistanda müsəlman var ki, hicab da sərbəst olsun?! Olmayan bir şeyi necə qadağan etmək olar?!

Ermənistanda sonuncu müsəlman əhali azərbaycanlılar idi, onların da sonuncusu 1989-cu ilin əvvəlində Amasiyadan qovuldu. Buna qədər İrəvanda və digər bölgələrdəki azərbaycanlı əhalisi qovulmuşdu. 1988-89-cu illərdə ümumilikdə 250 mindən çox azərbaycanlı öz yurdundan deportasiya edilib. Bu, XX əsrin əvvəlindən başlayan deportasiyanın son mərhələsi idi. Ermənistan təkcə müsəlmanları öz yurdundan qovmaqla kifayətlənmədi, həm də bütün İslam irsini darmadağın etdi. Ümumilikdə 500-ə yaxın məscid məhv edilib. Bu gün İrəvanda mövcud olan Göy məscid Ermənistanda İslama aid yeganə nümunədir. Ki, Azərbaycana məxsus bu məscidi də İslam dininə hörmət olsun deyə saxlamayıblar. İranla birləşib Azərbaycanın tarixi irsini saxtalaşdırmaq və “İrəvanda fars irsi” yaratmaq məqsədilə dəyməyiblər. Bu məsciddə də heç kim ibadət etmir, çünki ölkədə demək olar ki, müsəlman yoxdur.

2025-ci il statistikasına görə Ermənistanda min nəfərdən az müsəlman qeydiyyata alınıb, onların da əksəriyyəti turist, yaxud işləmək üçün müvəqqəti gələnlərdir, bir də səfirlik əməkdaşları var. Ermənistanda nəinki müsəlmanlar, ümumiyyətlə qeyri-ermənilər belə yox kimidir. Əhalinin 99 ermənidir, bir faizə isə ən böyük etnik qrup sayılan yezidi kürdlər və ruslar, gürcülər, ukraynanlılar daxildir. Onların belə dini-etiqad azadlığı praktikada tam təmin olunmur.

Türkiyədəki bəzi siyasətçilərin Ermənistanı Azərbaycana nümunə göstərmələri təkcə art niyyət deyil, həm də cahillik əlamətidir. Bu adamlar Türkiyəni idarə etməyə, İslam dünyasında xilafət qurmağa iddia edirlər.

Mənbə: publika.az