Consondan şok etiraf: "Lavrov məni kamin qarşısında araq içməyə məcbur edirdi"

Consondan şok etiraf: "Lavrov məni kamin qarşısında araq içməyə məcbur edirdi"

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi şəxsi görüşün şok edici təfərrüatlarını bölüşərək rusiyalı diplomatın onu kamin qarşısında həddindən artıq spirtli içki qəbul etməyə vadar etdiyindən şikayətlənib.

Keçmiş hökumət başçısı Rusiya ilə münasibətləri yenidən qurmağa çalışdığı dövrü xatırlayaraq həmin cəhdin tamamilə uğursuzluqla nəticələndiyini bildirib. Consonun sözlərinə görə, Lavrov onu közərmiş, həddindən artıq isti kaminin düz qarşısında oturdaraq dayanmadan qədəhləri doldurub və bu mənzərə "Viktoriya dövrünün özəl məktəblərində tətbiq olunan hansısa ağır cəzanı" xatırladıb. Rusiyalı nazirin qonaqpərvərlik adı altında ona əsl işgəncə verdiyini eyham edən britaniyalı siyasətçi Rusiya XİN rəhbərini "dəhşətli insan" adlandırıb.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın xarici işlər naziri vəzifəsində çalışdığı dövrdə — 2017-ci ilin dekabrında Moskvaya rəsmi səfər etmiş və Sergey Lavrovla təkbətək danışıqlar aparmışdı.

Conson vurğulayıb ki, həmin vaxt Vladimir Putin onunla görüşməkdən imtina etdiyi üçün məhz Lavrovla danışıqlar aparmalı olub və bu görüş onda Putin Rusiyası ilə heç bir kompromisin mümkün olmadığına dair qəti qənaət yaradıb.

Mənbə: musavat.com