Həyat yoldaşı Paşinyana qarşı çıxır? - Akopyanın açıqlamaları İrəvanda aranı qarışdırdı

Həyat yoldaşı Paşinyana qarşı çıxır? - Akopyanın açıqlamaları İrəvanda aranı qarışdırdı

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın açıqlamaları hakim “Vətəndaş Müqaviləsi” Partiyasında (ÇMP) ajiotaj yaradıb.

Bu barədə “Jogovurd” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, partiya Akopyanın həyat yoldaşının komandasını niyə bu qədər sərt tənqid etdiyini və problemin həqiqətən də İrəvanın tıxaclarında olub-olmadığını anlamağa çalışır.

Akopyanın iki videosu müzakirələrə səbəb olub. O, birinci videonu noyabrın 10-da paylaşaraq İrəvanda dözülməz tıxaclardan şikayətlənib. Anna paytaxtın bir ucundan digər ucuna getmək üçün "kosmonavt sağlamlığı" tələb olunduğunu söyləyib.

Həmçinin korrupsiyaya da işarə edib: Akopyan qeyd edib ki, milyonlarla sərmayə qoyan şirkətlərə tikinti icazələrinin verilməsi hakimiyyət üçün tıxaclarla mübarizə aparmaqdan daha asan görünür.

Amma o, bununla kifayətlənməyib. 17 noyabrda Akopyan yenidən tıxaclara toxunaraq qadın sürücüləri açıq şəkildə narazılıqlarını bildirməyə çağırıb. O, istehza ilə deyib: "...əks halda, İrəvanın tıxaclarında keçmiş hakimiyyətin günahkar olduğu ortaya çıxa bilər".

Qəzetin məlumatına görə, bu ifadə xüsusi maraq oyadır. Axı Nikol Paşinyan illərdir ki, müxtəlif problemlərdə sələflərinin siyasətini günahlandırır. İndi isə onun öz həyat yoldaşı bu vərdişi lağa qoyur.

Partiya Akopyanın açıqlamalarının arxasındakı motivlər barədə fərziyyələr irəli sürür. Bəziləri onun öz siyasi karyerası üçün təməl qoyduğunu düşünür. Digərləri isə onun açıqlamalarını bələdiyyə seçkiləri öncəsi İrəvan meri Tiqran Avinyanın mövqeyini zəiflətmək cəhdi kimi görürlər. Digərləri isə Akopyanın narazılığının merin fəaliyyətindən kənara çıxdığını və ümumiyyətlə hökumət siyasətinə də şamil olunduğunu düşünür.

Təhlükəsizlik Şurasının katibi Alen Simonyan, Akopyanın videosunu sosial media hesablarında paylaşmaqla vəziyyətə daha da gərginləşdirib.

Ermənistan mediasının məlumatına görə, Simonyan İrəvan meri vəzifəsinə namizədliyini irəli sürməyi düşünür və reytinqinin hazırkı merin reytinqindən yüksək olduğuna inanır. Nəticə etibarilə, bəziləri bu paylaşımı partiyadaxili rəqabətin daha bir əlaməti kimi qəbul etdilər.

Avinyan özü də 17 noyabrda tənqidlərə cavab verib. O, tıxacların təkcə Anna Akopyanı deyil, həm də bütün paytaxt sakinləri kimi özünü də qıcıqlandırdığını bildirib və eyni zamanda meriyanın həll yolu tapmalı olduğunu etiraf edib.

Müəllif: Tural

Mənbə: publika.az