“Ukrayna Trampın yaratdığı maneəni geridə qoyacaq”

“Ukrayna Trampın yaratdığı maneəni geridə qoyacaq”
Avropalı müşahidəçilər Ukrayna danışıqlarında uğursuzluq ehtimalı yaranacağı təqdirdə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə güzəştə gedəcəyindən narahatdırlar. Bu halda ABŞ Avropa ilə əlaqələrini kəsə və Ukraynaya dəstəyi dayandıra bilər.
Bu iddia ilə "Politico" çıxış edib. Nəşr hesab edir ki, Avropanın danışıqlar üzərində minimal nəzarətə malik olmasına baxmayaraq, Ukrayna danışıqlar prosesindən çəkilməməsinin səbəbi budur. Brüssel həmçinin Putin və Trampın APEC sammitində Çin prezidenti Si Cinpinlə görüşündən də narahatdır.
"Amerika tərəfinin əslində nə istədiyi ilə bağlı narahatlıqlar mövcuddur. Əlbəttə, ABŞ-nin prosesdə iştirakına ehtiyacımız var, əks halda münaqişəni həll edə bilməyəcəyik. Eyni zamanda, Amerikanın Ukraynaya yox, Rusiyaya təzyiq göstərməsini təmin etməliyik" - Avropalı müşahidəçilər bilidiriblər.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli bildirib ki, Tramp Ukraynanı dəstəkləməyə bilməz:
"Çünki ABŞ-də hər şey prezidentdən asılı deyil. Tramp, buna mane olmağa çalışır və prezidentliyi dövründə də bunu etdi. Amma gördünüz ki, ABŞ-nin Ukraynaya dəstəyi davam etdi. Bayden dövründəki kimi olmasa da, yenə də davam etdi. ABŞ-də Senat, Konqres, Mərkəzi Kəşfiyyat İdarəsi, maliyyə elitası, silah elitası kimi bir-biri ilə əlaqəli qurumlar, şəbəkələr və elitalar mövcuddur. Ona görə də qərar vermək o qədər də asan deyil. Qərar qəbul edildikdə belə, onun icrası dərhal baş vermir. Üstəlik, Ukrayna indi Rusiyaya qarşı istifadə edə biləcəyi müəyyən silahlar istəyir. Ümumiyyətlə, onların tətbiqi və istifadəsi də kifayət qədər çətindir. Bütün bunlar vaxt tələb edir. Ona görə də bu, asan məsələ deyil. Amma Avropa pul xərcləməyə davam etdikcə silahlar Ukraynaya gec-tez qismən və ya tam şəkildə çatır. Nəticədə Ukraynanın müqaviməti davam edir. Nəzərə alsaq ki, Trampın prezidentlik müddətinin başa çatmasına artıq iki il qalıb, əgər Ukrayna bu iki il ərzində müqaviməti davam etdirə bilsə, Rusiya ciddi müqavimətlə üzləşsə və irəliləyə bilməsə, növbəti prezident demokrat olsa və silah-sursat dəstəyi daha da artsa, Ukrayna Trampın yaratdığı maneəni iki ildən sonra geridə qoymuş olacaq”.
Aynur Babazadə

Mənbə: azxeber.com