600 bal toplayanlar əsgər getməsin? – Yeni ÇAĞIRIŞ

600 bal toplayanlar əsgər getməsin? – Yeni ÇAĞIRIŞ


Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir. Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.

İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;
- Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;
- əvvəlki təqvim ilinin nəticələrinə əsasən “Times Higher Education World University Rankings” və ya “Academic Ranking of World Universities” reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);
- informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində “Advanced” və ya “Expert” səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib);
- robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib).
Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) “İntellektual bölmələr” hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.
Beləliklə, 600-dən çox bal yığanlar xüsusi bölmələrdə hərbi xidmət edəcək. Bəs gələcəkdə yüksəl bal toplayanların hərbi xidmətdən azad olunması mümkündürmü?
"Bakupost" xəbər verir ki, hərbi ekspert Əfrahim Təhməzov Musavat.com-a hədəf istedadlı gəncləri ordudan kənarda saxlamaq yox, onların intellektini müdafiə gücünə çevirməkdir deyib.
“Müdafiə Nazirliyinin yüksək intellektual göstəricilərə malik çağırışçılarla bağlı yeni yanaşmasına yalnız "600 bal" kontekstində baxmaq doğru deyil. Burada söhbət Azərbaycan Ordusunun gələcək inkişaf strategiyasından, hərbi xidmətin müasir tələblərə uyğunlaşdırılmasından və insan kapitalının düzgün qiymətləndirilməsindən gedir. Ali məktəbə qəbul imtahanında 650-680 bal toplayan, informatika, riyaziyyat, fizika və mühəndislik üzrə dərin biliklərə malik olan, yaxud robototexnika və kibertəhlükəsizlik üzrə beynəlxalq yarışların qalibi sayılan gənclərin xidmət istiqaməti dövlət üçün prinsipial əhəmiyyət daşıyır. Belə bir gənci sırf ənənəvi xidmət modelinə salmaq və potensialından istifadə etmədən xidmət müddətini başa vurmasını gözləmək düzgün olmazdı. Əgər o, PUA-ların proqram təminatında, radioelektron mübarizə sistemlərində, kiberhücumların qarşısının alınmasında və ya süni intellekt texnologiyalarının tətbiqində iştirak edə bilirsə, ordudakı xidmətinin faydası qat-qat böyük olar. Bu, yüksək intellektli gənclərin digər əsgərlərdən üstün tutulması demək deyil”.
Əfrahim Təhməzov deyib ki, orduda hər kəsin öz yeri var: “Söhbət fərqli bacarıqların səmərəli tətbiqindən gedir. İsrail və ABŞ ordularının texnoloji bölmələrinin təcrübəsi də göstərir ki, intellektual resurs artıq müdafiə qabiliyyətinin əsas sütunudur”.
600 bal toplayanlar gələcəkdə hərbi xidmətdən azad edilə bilərmi?
Cəmiyyətdə ən çox müzakirə olunan bu suala aydınlıq gətirən Əfrahim Təhməzov qeyd edib ki, hazırkı qanunvericilikdə belə bir güzəşt nəzərdə tutulmayıb:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12-ci və 23-cü maddələrinə əsasən, sağlamlıq vəziyyətinə görə yararlı olan və möhlət hüququ olmayan vətəndaşlar xidmətə çağırılırlar. Dinc dövrdə çağırışdan azad edilərək ehtiyata keçirilmə yalnız fəlsəfə və elmlər doktorlarına şamil olunur. Qəbul imtahanında yüksək bal toplamaq akademik göstəricidir, elmi dərəcə isə tədqiqatın nəticəsidir – qanun onlara eyni status vermir. Bakalavr və magistrlərə verilən möhlət isə birdəfəlik azadolma deyil. Gələcəkdə milli təhlükəsizlik maraqları və müharibələrin xarakteri yeni hüquqi mexanizmlər tələb edə bilər. Lakin burada söhbət avtomatik azadolmadan yox, xüsusi peşə hazırlığı olanlar üçün fərqli xidmət modellərinin yaradılmasından getməlidir”.
44 günlük Vətən müharibəsinin texnologiyanın döyüş meydanındakı həlledici rolunu sübut etdiyini vurğulayan ekspertin fikrincə, süni intellekt, avtonom sistemlər və peyk məlumatlarının emalı dövründə ordu keyfiyyət göstəricilərini ön plana çıxarmalıdır:
“İntellektual bölmələrə seçim təkcə qəbul imtahanının balı ilə məhdudlaşmamalıdır. 600 bal toplayan hər gəncin yüksək texnoloji hərbi sahədə işləmək bacarığı olmaya bilər, əksinə, 500 bal toplayıb proqramlaşdırma və mühəndislikdə müstəsna qabiliyyət göstərən gənclər də kənarda qalmamalıdır. Bu baxımdan beynəlxalq sertifikatlar, olimpiada və texnoloji yarışların nəticələri üzrə meyarlar daha geniş perspektiv açır”.
Əfrahim Təhməzov hesab edir ki, təşəbbüsün növbəti mərhələsində 3 əsas istiqamət diqqətdə saxlanılmalıdır:
“Xüsusi texnoloji bilikli çağırışçılar ümumi hərbi hazırlıqla yanaşı, ixtisaslarına uyğun hərbi proqramlara cəlb olunmalıdır. Müdafiə sənayesi müəssisələri, Milli Müdafiə Universiteti və texnologiya mərkəzləri arasında əlaqələr gücləndirilərək gənclərin elmi-tədqiqat potensialından istifadə edilməlidir. Bundan başqa, qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə, ordunun texnoloji inkişafına real töhfə verən və konkret layihələrdə iştirak edən şəxslər üçün alternativ xidmət mexanizmləri araşdırılmalıdır”.
Ekspert fikrini belə yekunlaşdırıb: “Heç kim yalnız yüksək bal topladığına görə digər vətəndaşlardan üstün hüquqi status almamalıdır. Amma yaradılan intellektual bölmələr də sadəcə adı fərqli olan hərbi hissələrə çevrilməməli, müasir avadanlıqla təchiz edilmiş real texnoloji mərkəzlər olmalıdır. XXI əsrdə bir proqramçının və ya kibertəhlükəsizlik mütəxəssisinin gördüyü iş bəzən bütöv bir hərbi əməliyyatın taleyini həll edir. Ona görə də əsas sual 600 bal toplayan gəncin əsgər gedib-getməməsi yox, əsgər gedəndə hansı işi görməsidir”.

Mənbə: www.bakupost.az