Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketinə nələri daxil edəcək?

Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketinə nələri daxil edəcək?

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiya paketi çərçivəsində müharibə iştirakçılarının birlik ərazisinə girişini qadağan etmək niyyətindədir.

Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, viza verilməsinə qadağa yeni sanksiya paketinin əsas elementlərindən biri olacaq.

Bundan əlavə, Avropa Komissiyası bir sıra banklara, kriptovalyuta xidmətləri göstərən şirkətlərə və “kölgə donanması” adlandırılan donanmaya daxil olan təxminən 65 gəmiyə qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.


Paketə hərbi sahə ilə əlaqəli təşkilatlara və müəyyən məhsullara ixrac məhdudiyyətləri, eləcə də bir sıra limanlar və neft emalı zavodları ilə əməliyyatların qadağan edilməsi də daxildir.

Sanksiyaların razılaşdırılması prosesini sürətləndirmək üçün Avropa Komissiyası, ehtimal ki, əvvəllər bəzi Aİ ölkələrinin etiraz etdiyi tədbirləri, o cümlədən dəniz xidmətlərinin göstərilməsinə qadağanı paketə daxil etməkdən imtina edəcək.

Bundan başqa, Brüssel Avropa İttifaqının maliyyə, ticarət və vergi xidmətlərinin funksiyalarını birləşdirəcək xüsusi sanksiya qurumu yaratmağı planlaşdırır. Qurumun gələn ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilir. O, məhdudiyyətlərin tətbiqi və icrasına nəzarət prosesinə cavabdeh olacaq.


Bununla yanaşı, yeni paketə texnologiyalara və sosial şəbəkələrə qarşı yönəlmiş ayrıca sanksiya kateqoriyası da daxil edilə bilər. Brüssel Rusiyaya qarşı 22-ci sanksiya paketini gələn ay qəbul etməyi planlaşdırır.

Mənbə: bizim.media