“Mən də bir çox həmvətənlərim kimi, Fransanın diplomatik mövqeyinə həmişə təəccüblə yanaşıram və başa düşmürəm ki, Ermənistanda bizim milli maraqlarımız nədən ibarətdir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında fransalı politoloq Martin Orien deyib.
"Fransa yardım etsə belə, Ermənistan Azərbaycanla rəqabət apara bilməz"
Fransanın Ermənistanı silahlandırmaqdakı maraqları barədə danışan politoloq, Parisin Afrikada itirdiyi gücü Qafqazda tapmaq ümidi ilə ağılsız addımlar atdığını qeyd edib.
“Ola bilsin, diplomatlarımız düşünür ki, yaxın gələcəkdə Cənubi Qafqazda Rusiyanı “əvəz etmək” imkanı var, çünki Paşinyan hökuməti Qərblə yaxınlaşma ilə bağlı ciddi siqnallar verir. Ancaq fransızdilli Afrikada öz mövqelərimizi qoruyub saxlamaq iqtidarında olmadığımız halda, Cənubi qafqazda buna imkanımız olduğunu düşünmürəm.
Məncə, Minsk Qrupu dövründə olduğu kimi, Fransa hələ də bir neçə cəbhədə oynaya biləcəyini düşünür. Lakin hesab edirəm ki, biz Ermənistana bu "hərbi dəstəyi" də perspektivə qoymalıyıq.
Doğrudan da, Fransanın texnika yardımı olsa belə, Ermənistan bu gün güclü və təcrübəli olan Azərbaycanla hərbi rəqabət apara bilməz. Ona görə də mən siyasətimizdə xüsusi olaraq “imperializm”in təzahürünü görmürəm. Çünki bizim bunun üçün gücümüz yoxdur. Daha doğrusu, bir-biri ilə əməkdaşlıq etməyi bacaran ruslar və türklər qarşısında mövcudluq hissini yaşatmaq üçün Minsk qrupu tipli bir çərçivə yaratmaq sadəcə sadəlövhlükdür”, - deyə M.Orien əlavə edib.
"Ermənistanı silahlandırmaq Rusiya və Türkiyəyə qarşı atılmış addımdır"
Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas da hesab edir ki, Fransanın Ermənistanı silahlandırması İrəvana yardımdan daha çox, Rusiya və Türkiyəni regiondan uzaqlaşdırmağa hesablanıb:
“Fransanın Cənubi Qafqazda, xüsusən də Ermənistanı dəstəkləməklə proseslərə müdaxiləsi müxtəlif maraqlardan irəli gələ bilər. Bunlara geosiyasi strategiya, tarixi ittifaqlar, iqtisadi maraqlar və regional siyasətə təsir daxil ola bilər.
Ermənistana silahların Gürcüstan vasitəsilə daşınması Fransanın İrəvana əhəmiyyətli səviyyədə dəstəyindən xəbər verir. Bu, Fransanın regionda nüfuzunu saxlamaq üçün daha geniş strategiyasının bir hissəsidir.
Ola bilsin ki, Rusiya və ya Türkiyə kimi digər regional güclərə qarşı atılmış addımdır. Bu vəziyyəti beynəlxalq münasibətlərin daha geniş kontekstində nəzərdən keçirmək vacibdir, burada böyük güclər öz təsirlərini göstərmək üçün tez-tez mürəkkəb manevrlər edirlər. Cənubi Qafqaz münaqişə tarixi, strateji əhəmiyyəti ilə müxtəlif qlobal, regional güclərin marağı olan regiondur”, - deyə N.Asas bildirib.
Tehran Orucoğlu
Mənbə: bizim.media