Co Bayden: “omikron” ştamı narahatlıq doğurmalıdır, amma təşvişə düşmək lazım deyil

Co Bayden: “omikron” ştamı narahatlıq doğurmalıdır, amma təşvişə düşmək lazım deyil

Vaşinqton, 30 noyabr, AZƏRTAC

Prezident Co Bayden bazar ertəsi bəyan edib ki, COVID-19 koronavirusunun “omikron” adlı yeni variantı narahatlıq doğurmalıdır, amma təşvişə düşmək lazım deyil.

AZƏRTAC xəbər verir ki, tədqiqatçıların fikrincə, mövcud vaksinlər bu ştama qarşı mübarizədə adekvat üsul olmalıdır. Bayden hələlik vaksinasiyadan keçməmiş amerikalılara müraciət edərək, onları mümkün qədər tezliklə peyvəndlənməyə çağırıb.

Bayden deyib: “Dünyada ən yaxşı vaksin, ən yaxşı dərmanlar, ən yaxşı alimlər bizdədir və biz bu virus haqqında hər gün daha çox öyrənirik. Biz koronavirusun bu ştamına qarşı xaosa və qarmaqarışıqlığa deyil, elmi məlumatlara əsaslanan tədbirlər vasitəsilə mübarizə aparacağıq”.

Bayden deyib ki, virusun yeni variantının yaranması vaksinlənmənin vacib olduğunu təsdiq edir. O, yeni ştamın aşkar edilməsinə və onun mövcud olması barədə ölkələri vaxtında məlumatlandırdığına görə Cənubi Afrika Respublikasını və bu ölkənin tədqiqatçılarını tərifləyib.

 

Mənbə: azertag.az