Bundan sonra azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilər?

Bundan sonra azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilər?

Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib ki, vaxt gələcək ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq. Erməni spiker əlavə edib ki, biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik: "Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaq və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar".

Səsləndirilən fikirlər həm Azərbaycanda, həm də Ermənistanda birmənalı qarşılanmasa da, yaxın gələcəkdə bu prosesin reallaşması istisna olunmur. Bəs tərəflər psixoloji cəhətdən buna hazırdırmı?

Məsələ ilə bağlı danışan psixoloq Vəfa Əkbər bunun hələki mümkün olmadığını deyib.

Psixoloq bildirib ki, hər iki tərəfin yarası çox təzədir:

“Azərbaycanlılarla ermənilərin yaxın gələcəkdə birlikdə yaşamaları o qədər də real görünmür. Həmin məsələ asanlıqla mümkün olmayacaq. Çünki hər iki tərəfin yarası təzədir. Vətən müharibəsinin üzərindən sanki illər yox, bir neçə gün keçib. Bu cür fikirlərin səsləndirilməsi şəhid və qazi ailələrinə bilavasitə ağır gəlir. Savaş psixologiyası deyilən bir anlayış var. İnsan savaşdıqlarına qarşı kin, nifrət bəsləyir. Həmin səbəbə görə, iki millətin bir araya gəlib, yaşamlarına birlikdə davam etməsinə qərar verilərsə, nə onlar, nə də biz bunu bacarmayacağıq. Gələcəkdə nə olacağını isə demək hələ tezdir. Bütün ehtimalları yaşayıb görmək lazımdır.

Azərbaycan tərəfi Qarabağ ermənilərinə orada yaşamaq üçün icazə versə də, onlar bunu istəmədi və çıxıb getdilər. Artıq məsələ psixoloji olaraq insanın özünü toplamasıdır. Sadəcə onu demək olar ki, iki millətin birgə yaşamağa başlaması və eyni mühitdə yaşaması üçün aradan ən azı 1-2 əsr keçməlidir. Hazırda o yara çox təzədir deyə, düşünmürəm ki, millət olaraq birlikdə yaşamaq reallaşsın”.

Ekspert bu prosesin təhlükəli məqamlara səbəb olacağını vurğulayıb:

Yaxın vaxtlarda isə bu prosesin gerçəkləşməsi çox saxta və təhlükəli mənzərəni ortaya çıxaracaq. Çünki kimin hansı şəkildə acısını çıxaracağını bilmirik. Nifrət, kin, aqressiya kimi hislər tez soyumur. Əgər tez bir zamanda azərbaycanlılarla ermənilərin bir araya gəlməsinə şərait yaradılsa, bu, çox böyük təhlükələrə yol aça bilər. Hər iki tərəfin bu qədər həssas və aqressiv olduğu bir dönəmdə insanların reaksiyasının müsbət olmağını gözləmək absurddur. Fərd olaraq kimin necə davranış sərgiləcəyi barədə öncədən proqnoz vermək olduqca çətindir.

Mənbə: yenisabah.az