Bir güllə belə atılmadan azadlığa qovuşan 4 KƏND – TƏHLİL

Bir güllə belə atılmadan azadlığa qovuşan 4 KƏND –

Son illərdə xalqımız bir-birinin ardınca tarixi qələbələrin müjdəsini alır. Hər gələn il dövlətimiz, xalqımız üçün daha böyük hadisələrlə yadda qalır, əlamətdar olur.

2020-ci ildə Azərbaycan mümkünsüz olmayanı mümkün etdi. 30 ildə bütün vasitəçilərin, beynəlxalq təşkilatların bacarmadığını Azərbaycan cəmi 44 günə bacardı. Bununla da təkcə Ermənistanla Azərbaycan arasında 30 il davam edən müharibə gərginliyi sonlanmadı, həm də Cənubi Qafqaza sülh gəldi.

Son 4 ildə iki ölkə arasında xırda təxribatlar olsa da, Azərbaycanın səyi hesabına bu iri münaqişə ocağına çevrilmədi.

Üstəlik, 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri təxribatların kökünü qaşıyıb bir dəfəlik atdı. Bu uğurların, şanlı tarixi anların sonu deyildi.

Azərbaycan təkcə öz dövlətçiliyini gücləndirib, qüdrətləndirmirdi, həm də regional gücə çevrilirdi. Artıq Azərbaycan öz hədəflərinə güc tətbiqi ilə yox, diplomatik yollarla nail olur. Bu isə bütün hallarda dövlətin gücü, nüfuzudur.

Məsələn, 2024-cü ilin əvvələrində, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra vacib mesajlar verdi. Eləcə də, həm Ermənistana, həm də onun arxasında dayananlara zəruri xəbərdarlıq etdi. Həmin xəbərdarlıqlardan biri də hələ də işğal altında saxlanılan kəndlərimizlə bağlı idi.

Azərbaycan lideri həmin müsahibəsində qəti şəkildə bəyan etdi ki, 4 kəndimiz geri qaytarılmalıdır:

“O kəndlər ki, anklav deyil – 4 kənd – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”.

Bəs, bu kəndlər nə zaman və necə işğal edilmişdi?

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qaldı və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edildi. Bununla da ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.

İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutuldu. Nəticədə, 10 nəfər dünyasını dəyişdi, 15 nəfərdən çox insan isə yaralandı, 100-dən çox ev olan kənd talan olundu. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdi. Kənddə işğal olunan zaman 600 nəfər yaşayırdı.

1992-ci ilin martın 8-də Xeyrimli, iyun ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi.

Və 4 kəndimiz geri alındı...

Ermənistanın və onun xarici havadarlarının Azərbaycanın dəmir məntiqi qarşısında ötən 4 ayda heç bir cavabı olmadı. Nəticədə, Azərbaycan 35 ildən sonra itirdiyi torpaqlara qayıtdı. Bir güllə belə atılmadan işğal altında olan Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Bununla bağlı 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalandı. Bu gün isə hər dörd kənddə Azərbaycanın nəzarəti bərpa olundu. Beləcə, Azərbaycan daha bir tarixi uğura imza atdı.

Bütün bu uğurun əsas memarı isə heç şübhəsiz Prezident İlham Əliyevdir. Dövlət başçısının yanvar ayında səsləndirdiyi fikirlər, bir neçə ay sonra, məhz onun qətiyyəti sayəsində reallaşdırıldı.
Göründüyü kimi, Azərbaycan Prezidenti təkcə ölkəmizin ərazi bütövlüyünü təkmilləşdirmir, həm də tarixi ədaləti bərpa edir. Beləcə, Azərbaycan dünyada təkcə qüdrətlənən ölkə kimi yox, həm də ədalətin bərpaçısı kimi tanınınır.

Mənbə: bizim.media