FranSIZLAR...

FranSIZLAR...

Fransanın Azərbaycana qarşı qərəzli siyasəti davam edir. Dəfələrlə iç üzünü açıb göstərən Makron hakimiyyəti bu dəfə də Azərbaycana qarşı, əslində bütün dünyaya qarşı məkrli bir işə “imza atıb”.

Söhbət Azərbaycanın COP29-a ev sahibliyinin rəsmi Paris tərəfindən boykot edilməsindən gedir.

Yəni, bu gün Paris Şəhər Şurası belə bir qərar verib.

Əslində bu gülünc və nifrət saçan qərarla Azərbaycanı hədəfə aldığını düşünən Fransız rəsmiləri, bütün dünyaya qarşı çıxırlar.

Və nəzərə alaq ki, bu, ölkəmizə qarşı atılan ilk belə addım deyil.

Dəfələrlə, bu istiqamətdə qara işlər aparan Fransa rəsmiləri Azərbaycanın COP29-a sədrliyinə kölgə salmağa çalışıb.

Bundan əvvəl, Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən 16 aprel tarixli açıqlamada da bu istiqamətdə çağırışlar mövcud idi. Avropa və xarici işlər naziri Stefan Sejurnenin də verdiyi açıqlamada COP29 sədrliyini hədəf aldığı məlumdur.

Ancaq Fransa tərəfi anlamır və ya anlamaq istəmir ki, Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib.

Hətta 30 il münaqişə yaşadığımız Ermənistan belə…

Deməli bu qərar rəsmi Bakıya verilən yüksək etimadın göstəricisidir.

Görünən odur ki, Fransa tərəfi bu yekdil qərarı heçə sayır və ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə bu fəaliyyəti sual altına qoyur.

“Paris razılaşmasının” qəbul edildiyi bir şəhər tərəfindən atılan bu addım həmçinin beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunəsidir.

Əslində Fransanın belə addımlar atmasının səbəbi çox aydındır. Nəzərə alaq ki, son dönəmdə Fransanın xarici siyasəti iflasa uğrayıb.

Və bunu görən rəsmi Paris Afrika qitəsində və Dənizaşırı bölgələrdə Fransaya qarşı baş verən iğtişaşları belə ört-basdır etməyə çalışır.

Amma Fransa tərəfi başa düşmür ki, bu cür gərəksiz addımlar onların zərər görmüş imicinə xeyir gətirməyəcək.

Görünən odur ki, fransızların özləri də məsələyə “fransız qalıb”.

Mənbə: qafqazinfo.az