Dəyişməyən erməni zehniyyəti - sərhəddə divar...

Dəyişməyən erməni zehniyyəti - sərhəddə divar...

Sərhəddə divarların çəkilməsi nəqliyyat yollarının açılmasına mane ola bilər

Qazaxın 4 kəndinin qaytarılması qərarından sonra (artıq tam olaraq qaytarılıb) Ermənistan hökuməti Tavuş vilayətinin Kirantsa kəndinə aparan alternativ yol və körpü çəkməyə qərar verib. Hətta hökumət təhlükəsizlik məqsədilə Azərbaycanla sərhəddə divar çəkəcəyini vəd edir. Bu məsələ kənd sakinlərini sakitləşdirmək istəyən Ermənistan rəhbərliyi tərəfindən bir neçə dəfə səsləndirilib. Qeyd edək ki, Kirants sakinləri Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyanla görüşdə divarın tikilməsi təklifinə etiraz etsələr də, sonradan buna razılıq veriblər. Tavuş vilayətinin qubernatoru da belə bir vəd verib.

Yada salaq ki, işğal illərində Ermənistanda dəfələrlə belə təkliflər səslənib. Bu təkliflərdə bildirilirdi ki, Azərbaycan ilə sərhəddə hətta Böyük Çin səddinə bənzər divarı tikməlidir. Erməni zehniyyəti düşünürdü ki, 750-800 km uzunluğunda olacaq bu divar onlara dinclik verəcək.

Ermənistanın Azərbaycanla sərhəddə divar tikmək təklifini yenidən səsləndirməsinin delimitasiya və demarkasiya prosesinə mane olacağını söyləmək olmaz. Çünki Ermənistan hökuməti bu prosesi sərhədlərin müəyyənləşməsindən sonra həyata keçirmək istəyir. Lakin Ermənistan tərəfindən sözügedən addımın atılması iki xalq arasında dinc qonşu kimi yaşamağın perspektivini şübhə altına alır, ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşamaq prinsipini qəbul etməyə hələ hazır olmadığını göstərir.

Cebhe.info şərhində yazır ki, Ermənistanın Qazax rayonu ilə sərhəddə divar tikmək planı bu düşüncə tərzinin ermənilərin alt şüurunda qalmaqda davam etdiyini təsdiqləyir. “Əslində, öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Azərbaycan da analoji qaydada divar çəkə bilər. Ancaq iki ölkə arasında təhlükəsizliyin təminatı üçün ən yaxşı vasitə kimi sülh müqaviləsi üzrə götürülmüş öhdəliklər çıxış edə bilər”, deyə bildirilir.

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Deputat Kamran Bayramov erməni zehniyyətinin dəyişmədiyini söylədi: “Dünya ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Ancaq Ermənistanın Azərbaycanla sərhəddə divar tikmək təklifinin yenidən səsləndirməsi erməni zehniyyətinin illərdir dəyişmədiyinin göstəricisidir. Ötən ilin sentyabrında ölkəmiz öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etdi. 44 günlük Vətən müharibəsi sona çatdıqdan sonra Azərbaycan Ermənistanla sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü və baza prinsiplərini, sülh sazişinin layihəsini hazırladı. Bəzi dövlətlər Ermənistana dəstək verərək Cənubi Qafqazda qalıcı sülhü əngəlləməyə çalışsalar da, hazırda iki ölkə arasında vasitəçilərsiz danışıqlar gedir və bu danışıqlar təkliflərin layihəsi üzərində aparılır. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayıb. Eyni zamanda, digər bir razılaşmaya əsasən, onlar delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər”.

Deputat diqqətə çatdırıb ki, əldə edilən razılaşmaların nəticəsində aprelin 23-də ilk sərhəd dirəyi quraşdırıldı: “Artıq quraşdırılan dirəklərin sayı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında artaraq 40-a çatıb. Bu da o deməkdir ki, 2 ildir davam edən delimitasiya-demarkasiya məsələsi üzrə keçirilən görüşlər artıq öz müsbət nəticələrini verir. Ermənistanın Azərbaycanla sərhəddə divar tikmək təklifini yenidən səsləndirməsinin delimitasiya və demarkasiya prosesinə mane olacağını söyləmək olmaz. Çünki Ermənistan hökuməti bu prosesi sərhədlərin müəyyənləşməsindən sonra həyata keçirmək istəyir. Lakin Ermənistan tərəfindən sözügedən addımın atılması iki xalq arasında dinc qonşu kimi yaşamağın perspektivini şübhə altına alır, ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşamaq prinsipini qəbul etməyə hələ hazır olmadığını göstərir.

Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan gələcəkdə Ermənistana sərhədi bağlamağın deyil, kommunikasiyaların açılması üçün beynəlxalq hüquqa uyğun olaraq delimitasiya və demarkasiya etməyi təklif edir. Sərhəddə divarların çəkilməsi isə nəqliyyat yollarının açılmasına mane ola bilər. Göründüyü kimi, Ermənistanın və Avropadakı havadarlarının süni ara qarışdırmasına baxmayaraq rəsmi Bakı bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir".

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi analitik Səxavət Məmməd Azərbaycan təcrübəsində divar çəkmə prosesinin vaxtı ilə aparıldığını bildirdi: “Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasından sonra müxtəlif iddialar ortaya atılıb. Onlardan biri də divarın çəkilməsidir. İki ölkə arasında sülh müqaviləsi bağlanmasa, həmin ərazidə nə ermənilər, nə də azərbaycanlılar yaşaya bilər. Kəndlər bir-birinə o qədər yaxındır ki, orada sərhəd xidməti də doğru-düzgün fəaliyyət göstərə bilməz. Bunun üçün həm erməni tərəfdən, həm də Azərbaycan tərəfdən evlər sökülməli, kəndlər bir-birindən uzaqlaşdırılmalıdır. Divar anlayışı işğal faktının qarşısını ala bilməz. Divar yalnız təhlükəsizlik və sərhədin qorunması üçün çəkilə bilər. Bunun analogiyaları dünyada mövcuddur. Misal üçün ABŞ Meksika arasında sərhəd. Hətta Türkiyə ilə İran arasında da divarın çəkilməsi yönündə iddialar var. Bu iki misal daha çox qaçaqmalçılıq, miqrantların qarşısının alınması ilə bağlıdır. İsraillə Qəzza arasında da divar çəkilmişdi. Ancaq HƏMAS qısa zamanda divarları yarıb, İsrailin bir neçə şəhərini iflic edə bilmişdi. Azərbaycan təcrübəsində də divarın çəkilməsi prosesi olub. Ağdam rayonunun Çıraqlı kənd əhalisinin atıcı silahlardan qorunması üçün təmas xətti istiqamətində divar çəkilmişdi. Divar çəkilənə qədər Çıraqlıda bir neçə nəfər atıcı silahlardan açılan atəş nəticəsində həlak olmuşdu, yaralananlar olmuşdu. Ancaq divardan sonra ən azı atıcı silahlardan atəş nəticəsində problem yaşanmamışdı. Sözügedən kəndlər istiqamətində divardan sərhəd çəkilməsi mümkün variantdır. Hesab edirəm ki, sülh müqaviləsi mütləq şəkildə lazımdır. Əgər iki ölkə arasında sülh olmasa, o istiqamətdə yaşayış mümkün olmayacaq. Yalnız divar çəkilərsə, bu mümkün görünə bilər. Divarın çəkilməsi ən son variantdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Mənbə: musavat.com