ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask və maliyyə naziri Skott Bessent ölkənin vergi xidməti ilə bağlı mübahisə zamanı Ağ Evdə bir-birlərinin üstünə qışqırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” mənbələrə və şahidlərə istinadən məlumat yayıb.
Bildirilib ki, şiddətli mübahisə keçən həftə ABŞ Prezidenti Donald Tramp və digər rəsmilərin qarşısında baş verib.
Nəşr yazır ki, onlar arasında ölkənin vergi xidmətinə kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılığı yaranıb.
Bessent DOGE-nin büdcəyə böyük miqdarda pul qazandıracağına dair verdiyi vədləri yerinə yetirmədiyi üçün Maskı tənqid edib. Mask cavab olaraq maliyyə nazirini “Sorosun agenti” adlandırıb.
Daha sonra nazir “lənən olsun” deyə qışqırıb, Mask isə “Daha yüksək səslə de”, - deyə Bessentə deyib. Onların mübahisəsi o qədər ciddi olub ki, bir anda Trampın köməkçilərindən biri hər iki şəxsi sakitləşdirməyə çalışıb.
O da məlum olub ki, bu qalmaqalı həmin gün Ağ Evdə olan İtaliyanın Baş naziri Giorgia Meloni eşidib.
Qeyd edək ki, Mask Bessent təyin olunmazdan əvvəl Hovard Lutnikin xəzinədarlıq katibi təyin edilməsini təklif edib və o, sonda Ticarət Departamentinin rəhbəri olub.
Mənbə: qafqazinfo.az