Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikin mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.

Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikin mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

***

Niderland, Belçika və İspaniya kralları Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Təbriklərin mətnini təqdim edir:

İspaniyanın Kralı VI Felipe:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

Belçikalıların Kralı Filip:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".

Niderlandın Kralı Villem-Aleksandr:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".

Mənbə: publika.az