"Tramp prezident seçilsə, ikinci variantı seçəcək, bu da Ukrayna üçün..." - AÇIQLAMA

"Tramp prezident seçilsə, ikinci variantı seçəcək, bu da Ukrayna üçün..." -

“Prezident seçkilərində qalib gələndən az sonra, Rusiya ilə Ukrayna arasındakı dəhşətli münaqişəni həll edəcəyəm”.

Bunu Ağ Evin sabiq rəhbəri Donald Tramp Filadelfiyada tərəfdarlarının mitinqində çıxışı zamanı deyib.

Maraqlıdır, Tramp qalib gələrsə, Ukrayna savaşı bitəcəkmi?

Bununla bağlı saytımıza açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, ABŞ-də prezident seçkiləri uğrunda gərgin rəqabət gedir və hazırkı dövlət başçısı Co Baydenin reytinqi getdikcə azalır. Şərhçinin sözlərinə görə, onun əsas rəqibi kimi Respublikaçı Donald Tramp görünür:

“Hərçənd sürpriz bir şəxsin meydana çıxacağı və hətta qalib gələcəyi də mümkündür. ABŞ tarixində belə hallar çox olub. Tramp əvvəllər də dəfələrlə prezident seçiləcəyi təqdirdə, müharibəni bitirəcəyi barədə açıqlama verib. Sözsüz ki, bu, onun seçki kampaniyasının əsas istiqamətidir. Tramp bu yolla həm daxili, həm də xarici tərəfdarlarının sayını artırmağa çalışır. Ümumiyyətlə, onun hakimiyyəti dövründə ABŞ ilə Rusiya arasında münasibətlər indikinə nisbətən daha yaxşı olub. Tramp Moskva ilə münasibətləri qorumağı bacarırdı. Bayden isə Rusiyaya qarşı daha radikaldır. Şərqi Avropadakı müharibənin başlamasının əsas səbəbkarlarından biri də məhz Bayden hakimiyyəti olub”.

Ekspert bildirib ki, müharibənin başa çatması üçün ya Ukraynaya dəstək dəfələrlə artırılmalı, ya da tamamilə dayandırılmalıdır:

“Birinci halda müharibə daha da genişlənə və perspektivdə hər iki tərəfə sərf edən sülh imzalana bilər. İkinci halda isə rəsmi Kiyev təslim olmalı olacaq. Bu, Ukraynanın tamamilə işğalı deməkdir. Əgər Trampın, doğrudan da, müharibəni bitirmək fikri varsa, yəqin ki, o, hakimiyyətə gələcəyi təqdirdə ikinci variantı seçəcək. Bu isə hələ fəlakət ssenarisinin bitməsi demək deyil. Əksinə, yeni böhranlar başlayacaq”.

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci ilin yanvarın 20-də baş tutacaq.

Mənbə: sfera.az