Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsində müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsində müasir iş şəraiti yaradılıb

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov muxtar respublikada dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin maddi-texniki bazası ilbəil gücləndirilir, əməkdaşlar üçün müasir iş şəraiti yaradılır. Xidmətin Babək rayon şöbəsinin yeni binasının istifadəyə verilməsi də muxtar respublikada təhlükəsizlik orqanlarına göstərilən qayğının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bu sahə üzrə qəbul olunmuş normativ hüquqi aktların və qanunların icrasını təmin etmək, dövlətin təhlükəsizliyini qorumaq və səmərəli fəaliyyət göstərmək kollektivin qarşısında duran əsas vəzifələrdir. Mövcud qanunvericilik bazası, yaradılan şərait və fəaliyyət üçün istiqamətlərin müəyyənləşdirilməsi bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir.

Nurlan Pənahov yaradılan şəraitə və göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Sonra bina ilə tanışlıq olub. Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binadakı iş otaqları lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Binanın ikinci mərtəbəsində iki və üç otaqlı 4 xidməti yaşayış mənzili istifadəyə verilib, ailələr üçün hərtərəfli məişət şəraiti yaradılıb.

Binanın həyətində də abadlıq işləri aparılıb, avtomobillər üçün dayanacaq, istirahət köşkü və uşaqlar üçün əyləncə yeri yaradılıb, yaşıllıq salınıb.

Mənbə: azertag.az