Ukraynada iyulda prezident seçkisi keçirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkinin təşkili ilə bağlı işə başlamağı tapşırıb. ABŞ rəhbərliyi buna aprelin sonuna qədər nail ola biləcəyinə inanır.
Qeyd olunur ki, prezident seçkisinin vaxtını Ali Radada mayın 8-dən gec olmayaraq baş tutmalı olan hərbi vəziyyətin uzadılması ilə bağlı səsvermənin nəticələrinə görə qiymətləndirmək olar. Hesab olunur ki, hərbi vəziyyətin ləğvi hamının iradəsinin ifadəsi istiqamətində atılan ilk zəruri addımdır.
Eyni zamanda, nəşrin həmsöhbətləri vurğulayıblar ki, gələcək kampaniya üç ay davam edə bilər, çünki hakimiyyət seçici siyahılarını bərpa etməli olacaq. Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ukrayna Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar tətbiq etməsini xatırladaraq, seçki kampaniyasının artıq başladığını bildirib.
"The Economist" yazır ki, Poroşenkoya qarşı məhdudiyyətlərin tətbiqinə səbəb onun ABŞ-yə səfəri və orada Prezident Donald Trampın yaxın ətrafının nümayəndələri ilə görüşü ola bilərdi. Poroşenkonun sözlərinə görə, Zelenskinin köməkçiləri onu səfərdən çəkindirməyə çalışıblar.
Mənbə: oxu.az