“1998-ci ildə Yevlaxın Nemətabad kəndində bizə 3,69 hektar pay torpağı verilib. İllərdir istifadə etdiyimiz torpağı qanunsuz olaraq əlimizdən alırlar. Halbuki bütün sənədləri qaydasındadır. Məhkəmələrdə qalmışam, haqlı ola-ola haqsız vəziyyətə düşmüşəm...”
Bu şikayətlə “Qafqazinfo”ya Nemətabad kənd sakini, şəhid atası Mehti Adıgözəlov müraciət edib.
Onun sözlərinə görə, qardaşı Aydın Adıgözəlovun adına olan torpağı etibarnamə ilə alıb və istifadə edib. Lakin 2015-ci ildən bəri torpağa yaxın düşə bilmir: “Həmin yerin yaxınlığından Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri keçdiyinə görə iki dəfə qanuni kompensasiya almışıq. İllərdir o torpağı əkib-becərib çörək qazanmışıq. Dövlət aktımız var, kompensasiyaların sənədi var, yerimiz xüsusi mülkiyyətdir, heç zaman satmamışıq, icarəyə verməmişik. Amma 2015-ci ildən torpağım qonşu Yaldili kənd sakini, məcburi köçkün statusunda olan Abdullayev Fazil Zülfüqar oğlu tərəfindən zəbt olunub. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən çıxarışım ləğv olunaraq bu şəxsə verilib.
Mən özüm I Qarabağ müharibəsi veteranıyam. Oğlum Faiq Adıgözəlov Vətən müharibəsində şəhid olub. Bir oğlum da 2023-cü ildə Antiterror tədbirlərində şərəflə iştirak edib, hərbi travma alıb. Amma illərdir ki, şəhid atasının haqqı tapdalanır, öz haqqımı geri ala bilmirəm. Şəhid atası kimi mənə təyin olunan təqaüdü məktublara, yollara xərcləyirəm...”
Şikayətçi iki ilə yaxındır ki, məhkəmə prosesinin yubandığını deyir: “Şəki İnzibati Məhkəməsində işə ədalətlə, qanunla baxıldı və mənim xeyrinə qərar verildi. Qarşı tərəf Şəki Apellyasiya Məhkəməsinə müraciət etdi. Artıq bir il yarımdır ki, iş Apellyasiya Məhkəməsindədir. Çox böyük süründürməçiliklə üzləşirik, iş uzandıqca uzanır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri rəy təqdim etməlidir. Məhkəmənin qoyduğu 30 gün müddətin ötməsinə baxmayaraq, hələ də rəy məhkəməyə təqdim edilmir. Və mənim də ekpertizada iştirakım təmin edilməyib. Hansı ki, məhkəmə qərarına görə tərəflər ekspertizada iştirak etməlidir”.
Süründürməçilik iddialarına aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, nazirliyin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəy təqdim edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə sorğumuza belə cavab aldıq: “Adıgözəlov Aydın Urmu oğlunun (şikayətçi Mehti Adıgözəlovun qardaşı) Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3.69 ha torpaq sahəsi Abdullayev Fazil Zülfüqar oğluna məxsus torpaq sahəsinin yerləşmə vəziyyəti ilə üst-üstə düşür. Yevlax rayonu, Yaldili kəndində yaşayan, Kəlbəcər rayon sakini Abdullayev Fazilə rayonun Yaldili bələdiyyəsi tərəfindən icarəyə verilmiş 3 ha torpaq sahəsi Yevlaxın Nemətabad kəndi ərazisində JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Adıgözəlov Aydının mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsi daxilində yerləşir.
Adıgözəlov Aydın Abdullayev Fazilə məxsus 901013002135 və 901013002136 reyestr nömrəli çıxarışların “Torpaqların Elektron Kadastr Uçotu” informasiya sistemi məlumat bazasında ona məxsus Dövlət Aktının yerləşmə vəziyyəti ilə üst-üstə düşən hissənin ləğv edilməsi və Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırıb. 2023-cü il sentyabrın 6-da Şəki İnzibati Məhkəməsi Fazil Abdullayevin mülkiyyətində olan 5.39 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinin müəyyən edilməsi və iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin yoxlanılması zamanı JN-335, JN-336 və JN-337 nömrəli Dövlət Aktlarının elektron baza məlumatlarına istinad edib. Məhkəmə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin müvafiq ərazi idarəsinin elektron xəritə baza məlumatlarına baxış keçirməklə işdə mövcud olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş yerquruluşu sənədlərini müqayisəli təhlil edib. Şəki İnzibati Məhkəməsinin 2023-cü il oktyabrın 24-də çıxardığı qərarı ilə iddia tələbi təmin olunub. Şəki İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən qərarından iş üzrə üçüncü şəxs olan və inzibati işə zəruri cəlb edilən Abdullayev Fazil tərəfindən apellyasiya şikayəti verilib. Hazırda həmin inzibati iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır”.
Xidmətdən, həmçinin bildirilib ki, Şəki Apellyasiya Məhkəməsinin məktubuna əsasən, hazırlanmış mütəxəssis rəyi və sxemlər ötən il noyabrın 25-də məktubla məhkəməyə göndərilib. Yekun məhkəmə aktı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in Yevlax Ərazi İdarəsinə daxil olduqdan sonra məsələyə qanunamüvafiq qaydada baxılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən qeyd olunub ki, rayonun Yaldili və Nemətabad bələdiyyəsi həmin ərazidə həmsərhəddir. Həmin bələdiyyələrin xəritə materialları və torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi ilə “Torpaqların Elektron Kadastr Uçotu” informasiya sistemində olan sözügedən bələdiyyələrin xəritə materialları eynilik təşkil edir.
Qeyd edək ki, Faiq Adıgözəlov 2020-ci il oktyabrın 10-da qəhrəmancasına şəhid olub. Prezident Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az