Rusiyanın paytaxtı Moskvada 9 May – Faşizm üzərində Qələbə Gününün 80-ci ildönümü münasibətilə keçiriləcək hərbi parad zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlıqlar var.
Ukrayna Prezidenti Volodimiz Zelenskinin son açıqlamasında paradı hədəf alması isə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, belə bir hadisə Ukraynanın Rusiyanı diplomatik prosesə cəlb etmək üçün təzyiq alətlərindən biri ola bilər. Paradda 15-dən çox ölkənin liderinin iştirakı gözlənilir ki, bu da təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olacağı mənasına gəlir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında bütün təhdidlərə rəğmən paradın baş tutacağını bildirib.
Kiyev hazırkı proseslər fonunda Moskvada hərbi parad zamanı təxribata cəhd göstərə bilərmi? Bu, Rusiya üçün necə nəticələnər?
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Prezident Vladimir Putin builki parada bir sıra dost ölkələrin liderlərini də dəvət edib:
“Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Moskvada keçiriləcək paradda iştirak edəcəyini təsdiqləyib. Lakin Hindistanın Baş naziri Narendra Modi tədbirə qatılmayacaq.
Zelenskinin paradla bağlı birbaşa hədəfləyici açıqlaması və Rusiyanın Ukrayna ilə davam edən müharibəsi, təhlükəsizlik risklərini daha da artırır.
Ukrayna raketləri və pilotsuz uçuş aparatları artıq Moskvaya qədər çata bilir. Belə bir vəziyyətdə Vladimir Putinin parad keçirməkdə israrlı olması, sadəcə Qərbə qarşı psixoloji və siyasi üstünlük nümayiş etdirmək cəhdidir.”
Məhəmməd Əsədullazadə
M.Əsədullazadə əlavə edib ki, Rusiya ordusu müharibədə ciddi itkilər verir və artıq Ukraynanın tam işğalı ehtimalı gerçəkliyini itirib:
“Rusiya ordusunun uzun müddətdir qurduğu “məğlubedilməzlik” mifi Ukraynada dağıldı. Artıq üçüncü ildir ki, onun zəifliyi açıq şəkildə görünür.
Moskvada keçiriləcək parad zamanı xarici ölkə liderlərinin təhlükəsizliyinin təmin olunması çətindir və sual altındadır”.
Xatırladaq ki, həmin gün – 9 may tarixində İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanda rəsmi səfərdə olacaq. Həmçinin, Moskvadakı Qələbə paradında 80 Azərbaycan hərbçisi də iştirak edəcək.
Turan Rzayev
Mənbə: globalinfo.az