Agentura hərəkətə keçdi: Hədəf Netanyahudur – Göstəriş İrandan verilib?

Agentura hərəkətə keçdi: Hədəf Netanyahudur –

Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin mayın 7-də Azərbaycana gəlməsi gözlənən İsrailin Baş naziri Benyamin Netanyahunun səfərinə etiraz olaraq aclıq aksiyasına başladığı deyilir. Bildirilir ki, o, Netanyahunun ölkəmizə səfərinin yolverilməz olduğunu qeyd edərək may ayının 1-dən bu aksiyasına başlayıb. İlahiyyatçı, həmçinin insanları etiraza dəvət edib. Hətta dünən həbsxana rəhbərliyi onunla görüşərək aclığı dayandırmasını istəsə də, Bağırzadə razılaşmayıb.

Bəzi iddialara görə bu aksiya ilə bağlı göstəriş İrandakı dairələrdən verilib. Məqsədin agentura vasitəsilə Netanyahunun Bakı səfəri zamanı ictimai rəydə gərginlik yaratmaq olduğu deyilir.

“Hacı Taleh Bağırzadə Netanyahunun Bakıya səfərinə etiraz olaraq aclıq aksiyasına başlayıb” xəbərləri ortaya bir sualı çıxarır: özlərini dindar, islamçı, inanclı sayan bu tip insanlar işğal və ondan sonrakı dövrlərdə İran prezidentinin, digər rəsmilərin Ermənistana səfərinə niyə etiraz etməyib? İranın son 30 ildə Ermənistanı müdafiə etməsinə, ona dəstək verməsinə niyə səslərini çıxarmayıb, aclıq aksiyası keçirməyiblər?

Deputat Müşfiq Cəfərovun fikrincə, İsrail-Azərbaycan münasibətlərinin gücündən danışmaq lazım deyil.

Onun sözlərinə görə, bu iki ölkənin dostluq və əməkdaşlığının qədimliyi və möhkəmliyi hər kəsə məlumdur:

“İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətlə yanaşıb və dəstəkləyib. Xüsusilə, hərb sahəsində Azərbaycanın yeni texnologiyalara yiyələnməsi istiqamətində öz dəstəyini əsirgəməyib. Bu baxımdan İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri əməkdaşlığımızı daha da gücləndirəcəkdir. Düşünürəm ki, İsrail Baş nazirinin Azərbaycana səfərinin tək regionun deyil, hazırda beynəlxalq aləmin ən maraq doğuran siyasi hadisələrindən biri olması gözləniləndir”.

musfiq ceferov 9
Müşfiq Cəfərov

Taleh Bağırzadənin İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq may ayının 1-dən aclıq aksiyasına başlamasına gəlincə isə, deputat deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır:

“Digər tərəfdən isə dövlətimizdə ilahiyyatçı və din xadimlərinin Azərbaycanın beynəlxalq mövqeyinə təsiri mümkünsüzdür. Biz elə bir dövlətdə yaşayırıq ki, burada müxtəlif dinlərə aid şəxslər də yaşayır. Xüsusilə, bu səfərin bir çox xarici qüvvələri narahat etdiyi gözlənilən idi. Çünki tarix boyu İsrail kimi güclü dövlətin Azərbaycanla yaxşı münasibəti beynəlxalq arenada qısqanclıqla qarşılanıb. Mən Hacı Talehi və digər din xadimlərini dövlətin xarici siyasət xəttinə qarışmamağa və öz sağlamlığının qeydinə qalmağa çağırıram. Azərbaycan rəhbərliyi daima beynəlxalq siyasətdə milli maraqları üstün tutaraq, qoruyub”.

Müşfiq Cəfərov bildirib ki, siyasətdə dini maraqlar deyil, milli maraqlar üstün tutulmalıdır:

“Təbii ki, biz islam dininin bütün dəyərlərini dövlət səviyyəsində yüksək tutaraq hörmətlə yanaşırıq. Lakin bu o demək deyil ki, hər hansı bir tərəfdaşımız, əməkdaşımız olan dövləti müsəlman olmadığı üçün və ya hər hansı müsəlman dövlətiylə konfiliktli olduğuna görə qiymətləndirməliyik. Azərbaycan dövləti hər zaman beynəlxalq siyasətdə barışdıran tərəf olub, münaqişələrə həll yönündən yanaşıb, xüsusilə haqsızlığa məruz qalan tərəflərə dəstəyini əsirgəməyib”.

Zaira Akifqızı

Mənbə: globalinfo.az