İran televiziyası Qarabağı "erməni torpağı" adlandırdı (VİDEO)

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırdı (VİDEO)

İran Dövlət Televiziyasının Kanal1 kanalının xəbərlər proqramında Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edilib.

Belə ki, xəbərlər proqramının dünən axşamkı buraxılışında Qarabağın işğalı faktını yalnız "münaqişə" adlandırmaqla kifayətlənən aparıcı Qarabağı "ermənilərə məxsus ərazi" kimi təqdim edib.

"Azərbaycan Republikası ilə Ermənistan arasındakı münaqişənin başlanması 1990-cı illərin əvvəllərinə, yəni hər iki ölkənin Sovet Sosialist Respublikaları İttifaqından ayrıldığı dövrə təsadüf edir. Həmin dövrdə ermənilərin kompakt yaşadığı Qarabağ Azərbaycanın tərkibində idi. Lakin Sovetin dağılmasından sonra Ermənistan Qarabağa nəzarəti öz əlinə aldı və o vaxtdan etibarən iki ölkə arasında ara-sıra toqquşmalar baş verir", - deyə aparıcı iddia edib.

Proqram ərzində bir dəfə olsun belə işğal sözünü dilə gətirməyən aparıcı Ermənistanı Qarabağın "əsl sahibi" kimi tamaşaçılara təqdim etməyə çalışıb.

Qeyd etmək lazımdır ki, İran Ermənistana dəstək göstərən başlıca ölkələrdən biridir. Nə iranlı rəsmilər, nə də İran rejiminin media orqanları heç vaxt Qarabağın işğal faktını dilə gətirmirlər.

İyulun 13-də son toqquşmalara İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi də neytral mövqe bildirmişdi. İşğalçını və işğal faktını pisləməyən Musavi tərəfləri yalnız təmkinli olmağa çağırmaqla kifayətlənmişdi.

Günaz.tv

Mənbə: qaynarinfo.az