“Nə qədər insan saatlarla dayanacaqda avtobus gözləyir. 105 saylı avtobus xətti vətəndaşlara çətinliklər yaradır”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Balaxanı sakini müraciət edib.
Sərnişinlərin sözlərinə görə, 8-ci kilometr bazarından Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən həmin xəttin avtobusları yararsız vəziyyətdə olduğundan xidmət göstərə bilmirlər: “Nəticədə biz insanlar əziyyət çəkirik, uşaqları məktəbə belə aparmaq olmur. Yığılıb saatlarla avtobus gözləyirik. Əvvəlki marşrutlarda belə problem yox idi, interval da normal idi. Ancaq bu yenitipli avtobuslar problemlidir. Taksidən istifadə etməyə ehtiyac yaranır. Bunu da hər dəfə çatdırmaq olmaz”.
Vətəndaşlar, həmçinin iddia edir ki, bu avtobusların sənəd problemləri də var: “Uzun müddət gözlədik, 2 saat sonra avtobus gəldi. Bu zaman isə DYP əməkdaşları tərəfindən saxlanıldı. Bizim bildiyimizə görə, buna səbəb avtobusun sənədlərində problemin olmasıdır. Avtobusun rəngi ilə bağlı problem yaranıb. Belə ki, onların rəngi sənəddə ağ qeyd olunsa da, qırmızıdır. Bunun əziyyətini biz çəkirik, başqa heç bir məlumata sahib deyilik. İstəyirik ki, hər gün vaxtında işimizə çataq. Qiymətlərlə bağlı da problem var. Kartımızdan bir dəfə 55, bir dəfə 60, bir dəfə də 80 qəpik çıxır. Nə qiymətləri tənzimləyirlər, nə də vaxtında vətəndaşa xidmət göstərirlər. Bundan öncəki daşıyıcı şirkətdən razı idik”.
Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab isə belə oldu: “105 saylı marşrut xətti üzrə avtobusların bir neçəsi texniki qeydiyyat şəhadətnamələrində xırda uyğunsuzluq səbəbindən xəttdən kənarlaşdırılıb. Hazırda həmin avtobuslar xəttə qaytarılaraq fasiləsiz sərnişindaşıma fəaliyyəti təmin edilib”.
Sakinlərin saytımıza göndərdiyi videodan da aydın olur ki, sərnişin sıxlığı səbəbindən avtobus qapısı açıq şəkildə hərəkət edir və bu da kifayət qədər təhlükəli vəziyyət yaradır:
Fidan Etibar
Mənbə: qafqazinfo.az