İranda hökumət əleyhinə etirazlarla bağlı ölüm hökmünə məhkum edilən daha iki nəfər ictimaiyyət qarşısında edam olunub. Bununla eyni iş üzrə edam edilənlərin sayı dördə çatıb.
Bu barədə “Fars” məlumat yayıb.
Bildirilib ki, İranın İsfahan şəhərindəki Şəhid Əlixani meydanında keçirilən edamdan əvvəl ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Gecə saatlarında meydana toplaşan mülki şəxslərlə təhlükəsizlik qüvvələri arasında qısamüddətli qarşıdurmanın baş verdiyi də bildirilir.
Məlumata görə, Əmirhüseyn Səfəri Hüseynabadi və Əbülfəzl Sepahi Badjiani çərşənbə axşamı səhər İsfahanın Məlikşəhr rayonunda edam ediliblər.
Hər iki şəxs yanvarın 8-də Əlixani meydanında başlayan etirazlarla bağlı iş üzrə ölüm hökmünə məhkum edilən 12 nəfər arasında olub.
İran hakimiyyəti onları etirazlar zamanı “Bəsic” qüvvələrinin və xüsusi təyinatlıların dörd üzvünün öldürülməsində, həmçinin yanğın törətməkdə və ictimai əmlaka ziyan vurmaqda ittiham edib.
“Fars” agentliyi təqsirləndirilən şəxslərin təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak etdiyini bildirib.
Bu iş üzrə daha iki nəfər – Qolməmməd Məhəmmədi və Ərfan Esfəndiyari iyulun 19-da edam edilmişdi. Beləliklə, Əlixani meydanı işi üzrə edam edilənlərin sayı dördə yüksəlib. Daha səkkiz təqsirləndirilən şəxs barəsində ölüm hökmünün qüvvədə qaldığı bildirilir.
BMT-nin İnsan Hüquqları İdarəsinin məlumatına görə, bu ilin yanvarında başlayan etirazlarla əlaqədar İranda indiyədək azı 24 nəfər edam edilib.
İran hakimiyyəti isə ölkə daxilində genişmiqyaslı etirazlar zamanı 3117 nəfərin öldüyünü açıqlayıb.

Mənbə: qafqazinfo.az