İnsan alverində ittiham olunan 67 yaşlı Sevinc Daşdəmirzadənin (Kurt) məhkəməsi keçirilib.
Sevinc Kurt bir neçə qadını müxtəlif vədlərlə aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda ittiham edilib.
Zərərçəkmişlər deyiblər ki, Kurt onların zəifliyindən, maddi vəziyyətlərinin ağır olmasından istifadə edib, Denizli şəhərində iş imkanları vəd edərək etibarlarını qazanıb. Qadınlar Türkiyəyə getdikdən sonra mobil telefonları və pasportları əllərindən alınıb, ailələrinin yanında rüsvay ediləcəkləri ilə hədələniblər, psixoloji təzyiqə məruz qalıblar.
Qadınlar 30 ildir Türkiyədə yaşayan Sevincin onları müxtəlif yollarla tabe vəziyyətə saldığını, müqavimətlərinin psixoloji təsirlərlə qırıldığını və cinsi istismar məqsədilə istifadə edildiklərini etiraf ediblər.

Zərərçəkmişlərin Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra Kurt barəsində cinayət işi başlanılıb. Ona Cinayət Məsəlləsinin insan alveri maddəsinin bir neçə bəndi ilə ittiham irəli sürülüb, lakin məhkəməsi bitənə qədər ev dustaqlığı şərti ilə azadlıqda qalıb.
Yaşlı müttəhim məhkəmədə ittihamı qəbul etməyib, qadınları cinsi istismara məcbur etmədiyini deyib. Zərərçəkmişlər isə ondan şikayətçi olduqlarını bildirib, ona ən ağır cəza verilməsini xahiş ediblər.
Məhkəmə Sevincin ifadəsinin zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri və digər sübutlarla təkzib olunduğu qənaətinə gəlib. Yekunda Sevinc Kurt verilmiş ittihamlarla təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmün elanı bitən kimi məhkəmə zalında həbs olunub.
Sail Ağasəlim
Mənbə: qafqazinfo.az