2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz azdır.
Baş verən yol-nəqliyyat hadisələri nəticəsində 285 nəfər ölüb, 404 nəfər isə xəsarət alıb. Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib.
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, son vaxtlar baş verən qəzaların böyük hissəsi piyadaların vurulması ilə bağlıdır:
"Aylıq və rüblük hesabatlarda görürük ki, son vaxtlar baş verən hadisələrin çox böyük hissəsi piyadaların vurulması ilə bağlıdır. Burada piyadaların məsuliyyətsizliyi və diqqətsizliyi, müəyyən edilməmiş yerlərdən yolu keçməsi, eləcə də piyadalar üçün lazımi səviyyədə qurulmayan infrastruktur kimi amillər rol oynayır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, yol qəzalarının digər əsas səbəblərindən biri sürücülərin diqqətinin yayınmasıdır:
"Son vaxtlar bu məsələdə əsas amillərdən biri mobil telefonlar, eləcə də müasir avtomobillərdə, xüsusilə də planşet tipli ekranların geniş istifadəsidir. Bu cür ekranlar sürücünün diqqətini ciddi şəkildə yayındıra bilər. Biz bu məsələyə hələ kifayət qədər diqqət yetirmirik. Amma artıq buna diqqət yetirən ölkələr var və həmin ölkələrdə bununla bağlı həyəcan siqnalı verilir.
Bildirilir ki, bu tip planşetlər heç olmasa sürücünün baxış istiqamətindən kənarlaşdırılmalıdır. Məsələn, bəzi Çin avtomobillərində sürücü avtomobilin daxilində internetə qoşula və həmin ekran vasitəsilə YouTube, film və digər platformalardan istifadə edə bilir. Bu isə sürücünün diqqətinin yayınmasına səbəb olur.
Hətta adi funksiyaları yerinə yetirərkən belə sürücünün həmin ekranlara baxması diqqətini yoldan yayındıra bilər. Diqqət nə qədər yayınırsa, qəza riski də bir o qədər artır. Videolarda da tez-tez görürük ki, sürücü avtomobili idarə edir, lakin qarşısına çıxan maneəni vaxtında görmür.
Xüsusilə sürətli yollarda belə hallara daha çox rast gəlinir. Halbuki sürücü ən azı yola diqqət yetirsəydi, bir çox qəzanın qarşısını almaq mümkün olardı. Bəzi sürücülər sanki avtomobili avtopilot rejiminə keçirir, düşünürlər ki, yol düzdür və avtomobil özü hərəkət edə bilər. Bu zaman isə sürücünün gözü yoldan yayınır və başqa istiqamətə yönəlir.
Məhz bu iki-üç faktor qəza hallarının və ölüm hallarının artmasında mühüm rol oynayır”, – deyə ekspert qeyd edib.
Mənbə: azxeber.com