Vətən müharibəsində hərbçilərimizlə yanaşı 94 mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Ən acı taleyi yaşayanlardan biri də 44 günlük müharibənin ilk qurbanlarından olan Qurbanovlar ailəsidir.
Müharibənin ilk günü Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması nəticəsində Naftalan şəhərinin Qaşaltı kəndində yaşayan Qurbanovlar ailəsinin 5 üzvü şəhid olub.
Bunlar həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri - 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyardır.
Ailənin başçısı isə evdə olmadığına görə sağ qalıb. O, hərbçi olduğu üçün həmin vaxt cəbhədə döyüşlərdə iştirak edib.
Xatırladaq ki, bu gün 44 günlük Vətən müharibəsindəki zəfərə aparan yolun başlanğıcı - Anım Günü kimi qeyd olunur. Bütün ölkə ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır.



Mənbə: qafqazinfo.az